ABŞ prezidentliyinə namizədlər, respublikaçı Donald Tramp və demokrat Hillari Klinron şəxsi maliyyə vəsaitlərinə dair məlumatları açıqlayıblar.
Çərşənbə axşamı Federal Seçki Komissiyası üçün açıqlanan sənədlərdə Respublikaçılar partiyasından nominasiya olunacağı ehtimal edilən Donald Trampın 550 milyon dollar məbləğində ümumi gəlirlər əldə etdiyi və son 17 ayda biznes gəlirlərinə 190 miyon dollar əlavə olunduğu göstərilir.
Bu rəqəmləri təsdiq etmək çətindir, çünki Tramp Vergilər nazirliyi tərəfindən auditin bunun qarşısını aldığını deyərək, vergi deklarasiyalarını təqdim etməkdən imtina edib. Vergilər nazirliyi Trampın audit edilib-edilməyəcəyi haqda bir söz deməsə də, auditin vergi deklarasiyalarının açıqlanmasına mane olmadığını bildirib.
Trampın açıqladığı 104 səhifədən ibarət sənəddə kampaniyanın ilkin dövrü onun biznes qurumlarının bəzisinin boykot ediləcəyi ilə bağlı təhdidlərə baxmayaraq, gərgin seçki kampaniyasının onun biznesinə təsiri olmadığı deyilir.
Demokrat partiyasının favoriti olan Hillari Klinton vergi sənədlərini açıqlayaraq, Trampı da bunu etməyə çağırıb. “Bu, prezidentlik uğrunda mübarizə aparan hər bir şəxs üçün hüquqi bir tələbdir”-deyə Klintonun kampaniyasının sözçüsü Kristina Reynolds bildirib.
Klinton keçən il 1977-ci ildən 2014-cü ilə qədər ailəsinin bütün vergi deklarasiyalarını açıqlayıb.
Klintonun demokrat rəqibi Berni Sanders onu şəffaf olmamaqda tənqid edərək, dəfələrlə böyük banklar və Wall Street –in nüfüzlu şəxsləri qarşısında çıxışlarının mətnini açıqlamağa çağırıb.
Klintonun təqdim etdiyi sənədlərə əsasən, o, “Çətin seçimlər” (“Hard Choices”) kitabına görə 5 milyondan çox, prezidentlik kampaniyasına başlamazdan əvvəl isə müxətlif yerlərdə məruzələrlə çıxışlarından 1,5 milyon dollar gəlir əldə edib.
Onun həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun keçən ilin noyabr ayına qədər olan müddət ərzində məruzələri və bununla yanaşı, banklar, texnologiya və korporativ maraqlardan gəlirləri 5 milyon dollar təşkil edir.
Hillari Klintonun 5 milyondan 25 milyona qədər dəyərləndirilən varidatının böyük hissəsi Vanguard 500 indeks fondunda və JO Morgan hesabında saxlanır.
Trampın təqdim etdiyi sənəddə 550-dən çox biznes şirkətinə investisiya edildiyi və müxtəlif mənbələrdən gəlir əldə etdiyi deyilir.