İranın dəstəklədiyi qüvvələr olduğundan şübhələnilən militantların Bağdadın Yaşıl Zona bölgəsindəki ABŞ səfirliyini raket atəşinə tutmasından bir neçə gün sonra prezident Donald Tramp ABŞ-ın İraqdakı ordusuna və ya diplomatik heyətinə qarşı hücumlarla bağlı İrana xəbərdarlıq edib.
Dekabrın 23-də tvitter səhifəsində yayımlanan xəbərdarlıq ABŞ-ın yüksək təhlükəsizlik rəsmilərinin prezidentə təqdim ediləcək İraqda Amerikanın maraqlarına qarşı hər bir hücuma cavab variantları hazırlanmasına dair müzakirələrdən sonra verilib.
Reuters xəbər agentliyi adının açıqlanmasını istəməyən bir rəsmiyə istinadən bildirib ki, müdafiə naziri vəzifəsini icra edən Kris Miller, dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik müşaviri Robert Obrayen də daxil olmaqla, qrup Ağ Evdə bir araya gəlib.
Bir neçə həftə idi ki, ABŞ rəsmiləri yanvarın 3-də İranın və ya onun müttəfiqi İraq militantlarının Bağdad aeroportunun yaxınlığında İran generalı Qasım Süleymani və İraq militant liderlərinin dronla öldürülməinin birinci ildönümü cavab hücumlarına məruz qalınacağını gözləyirdi.
"Ağ Evdə keçirilən iclasın məqsədi prezidentə təqdim edə biləcəyimiz düzgün variantları müzakirə etmək, İraqdakı iranlıları və şiə militantları vətəndaşlarımıza hücum etməkdən çəkindirməkdir" - deyə, rəsmi Reuters-ə bildirib.
ABŞ səfirliyi İraqın paytaxtındakı Yaşıl Zonaya raket hücumları zamanı işçilərinin xəsarət almadığını və səfirlik kompleksinə bəzi kiçik zərərlər dəydiyini bildirmişdi. Hücumu dəf etmək üçün səfirliyin raketdən müdafiə sistemi işə salınmışdı.
İraqdakı hərbi qüvvələrinin sayını azaldan ABŞ bundan əvvəl də çoxsaylı raket hücumlarına görə İraq hökumətini İranın dəstəklədiyi militantlara nəzarət etmədiyi təqdirdə Bağdaddakı səfirliyini bağlayacağı ilə təhdid etmişdi.