Accessibility links

Donald Trampı ikinci impiçment mühakiməsində yeni vəkillər müdafiə edəcək


ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar günü ikinci impiçment məhkəməsində onu müdafiə edəcək yeni vəkillər qrupunu elan edib.

Senatda keçiriləcək növbəti məhkəmədə Trampı televiziya hüquq şərhçisi olan müdafiə vəkili David Şon və cinsi təcavüz cinayətləri iddiasında aktyor Bill Kosbini günahkar bilməmək qərarına görə tənqidlərlə qarşılaşan Pensilvaniya ştatının keçmiş vəkili Brus Kastor təmsil edəcək.

Trampın ofisinin açıqlamasında deyilib ki, hər iki vəkil bu işi görməkdən şərəf duyduqlarını bildirib.

“Konstitusiyamızın gücü tariximizdə heç vaxt olmadığı qədər sınaqla üzləşir. O, güclü və davamlıdır. Əsrlər əvvəl yazılmış bu sənəd həmişə olduğu kimi qalib gələcək” - deyə, Kastor bildirib.

Trampın aparıcı vəkilləri Cənubi Karolina vəkili Baç Bovers və Debora Barbiyerin olacağı gözlənilirdi. Lakin mətbuatda bu məsələ ilə tanış olan insanlara istinadən yer alan xəbərlərə görə, Trampla bu vəkillər arasında münasibət Trampın seçkilərdə saxtakarlıq iddiasında israr etməsi və məhkəmə üçün hansı hüquqi strategiyanın uyğun olacağı ilə bağlı fikir ayrılıqları səbəbindən pozulub.

Prezident Donald Trampa qarşı impiçment tələbi yanvarın 6-da Kapitoliyə hücuma təhrikə görə edilir.

Trampın məhkum edilməsi üçün Senatda üçdə iki çoxluğun razılığı tələb olunur. Hazırda Respublikaçılarla Demokratlar arasında 50:50 nisbətinə bölünmüş Senatda bütün Demokratların razılığı nəzərə alınmaqla, əlavə olaraq 17 Respublikaçının öz partiyadaşları Trampın məhkum edilməsinə səs verməsi tələb olunur.

Əgər Senat Trampı məhkum etsə, sadə səs çoxluğu ilə ona yenidən federal ofis tutmaq qadağan oluna bilər.

XS
SM
MD
LG