Ağ Ev ABŞ prezidenti Donald Trampın İsveçrədə, Davosda Dünya İqtisadi Forumunda iştirak edəcəyini bildirib. Bu, ABŞ-ın prezidentinin sammitdə ikinci dəfə və son 18 ildə isə ilk iştirakı olacaq.
Prezidentin sözçüsü Sara Hakabi Sanders çərşənbə axşamı günü müxbirlərə deyib: “Prezident Amerika birincidir gündəliyinin inkişaf etdirilməsi üçün dünya liderləri ilə imkanları alqışlayır. Bu il Dünya İqtisadi Forumunda prezident Amerika biznesləri, Amerika istehsalçıları və Amerika işçilərinin gücləndirilməsi siyasətini irəli aparmağı düşünür”.
ABŞ prezidentləri tədbirə cəlb olunmuş ultra-zənginlərə yaxın olmaq deyil, bu elitar yığıncağa qatılmaqdan çəkinməyə üstünlük verir. Prezident Bill Klinton Dünya İqtisadi Forumunda iştirak edən birinci və axırıncı prezident olaraq qalır. Klinton tədbirdə 2000-ci ildə iştirak etmişdi. Prezident Ronald Reyqan isə tədbirə peyk vasitəsilə qoşularaq, video mesajla çıxış etmişdi.
Birləşmiş Ştatlar adətən hər il keçirilən tədbirə yüksək səviyyəli nümayəndə heyəti göndərir. Əvvəlləki illərdə vitse-prezidentlər Dik Çeyni və Co Bayden Dünya İqtisadi Forumunda iştirak ediblər. Keçmiş vitse-prezident Al Qor, musiqiçi Bono, braziliyalı yazıçı Paulo Koelo və Britaniyanın keçmiş baş naziri Toni Bleryer tədbirin daim iştirakçılarıdır. Avropa və Afrika ölkələrinin dövlət başçıları da tədbirə qatılır.
İsveçrənin qeyri-kommersiya təşkilatı olan Dünya İqtisadi Forumu missiyasının “biznes, siyasət, elm və başqa sahələrdə liderləri qlobal, regional və sənaye proqramlarının formalaşdırılmasına cəlb etməklə dünyadakı durumu yaxşılaşdırmaq” olduğunu bildirir.
Davosda yanvar ayında keçirilən illik forum təxminən 2500 iştirakçını bir araya gətirir. Forum çərçivəsində dünyanın qarşılaşdığı iqtisadi və başqa problemlərin müzakirəsi məqsədilə regional görüşlər keçirilir.
Bu il Davosda Dünya İqtisadi Forumu yanvar ayının 23-dən 26-na qədər davam edəcək.