ABŞ prezidenti Donald Tramp bazar günü daha sərt mühacirət qanunlarına çağıraraq, uşaq yaşlarında valideynləri tərəfindən ABŞ-a qanunsuz gətirilən gənc mühacirlər üçün DACA proqramı ilə bağlı razılığın olmayacağını bildirib.
“Sərhəd xidmətinin agentləri liberal(demokrat) tut və burax qanunlarına görə öz işlərini görə bilmir”, Tramp bazar günü səhər öz Twitter səhifəsində yazıb.
Tramp yazıb ki, vəziyyət “daha da təhlükəli” olmağa başlayır və qeyri-qanuni mühacir “karvanları” ölkəyə gəlir. O həmçinin respublikaçıları daha sərt mühacirət qanunları qəbul etmək üçün “nüvə variantından” istifadə etməyə çağıraraq, “DACA razılığı olmayacağını” bildirib.
“İnsanların bu böyük axını DACA-dan istifadə etməyə çalışır. Onlar hərəkətə keçmək istəyir”, Tramp Twitter-də növbəti mesajında yazıb.
Birləşmiş Ştatlara uşaq yaşlarında valideynləri tərəfindən qeyri-qanuni şəkildə gətirilən gənc mühacirlərin müdafiəsinə dair DACA proqramı Obama administrasiyası dövründə qüvvəyə minib. Proqram həmin gənclərə ölkədə qalmaq və qanuni yolla təhsil almaq və işləmək icazəsi verir.
Tramp administrasiyası proqrama sentyabrda son qoyub, lakin ondan faydalanan şəxslər üçün daimi planın hazırlanması üçün Konqresə altı ay müddətində vaxt verib.
Demokratların səylərinə baxmayaraq, keçən həftə Tramp tərəfindən imzalanan 1.3 trilyon dəyərində büdcə xərlərinə dair qanun layihəsində DACA proqramından faydalananların müdafiəsi qeyd edilməyib.
Tramp əvvəlcədən deyib ki, Konqres ABŞ-ın Meksiko ilə sərhədində divarın inşası üçün maliyyəni təsdiq etdiyi halda, o, DACA-dan faydalananların müdafiəsinə razı ola bilər.