Accessibility links

Tramp cənub sərhədinə səfər edir


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Texas ştatının cənubunda ABŞ-Meksika sərhədi yaxınlığında yerləşən Alamo şəhərinə yollanır. Prezidentin hakimiyyətdə olduğu son günlərdən birindən diqqəti onun administrasiyasının ABŞ-ı Meksikadan ayıran sərhəddə divarın inşası ilə bağlı səylərinə yönəltmək üçün istifadə edəcəyi gözlənilir.

Bu, Trampın ötən həftənin çərşənbə günü tərəfdarları qarşısında çıxışında prezident seçkilərinin saxtalaşdırıldığını deyərək, Kapitoli binasına hücum etmələrindən əvvəl onları "mübarizə aparmağa" çağırdığı vaxtdan bəri ictimaiyyət qarşısında ilk çıxışı olacaq.

Trampın Texasa səfəri həmçinin demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının onu vəzifəsindən kənarlaşdırmaq üçün səylər göstərdiyi bir vaxta təsadüf edir.

İmmiqrasiya mövzusu Trampın 2016-cı ildə ABŞ-Meksika sərhədi boyunca divarın inşası üçün tez-tez etdiyi çağırışları ilə prezident seçki kampaniyasının diqqət mərkəzində idi.

Onun səlahiyyət müddətinin yanvarın 20-də bitməsi ilə onun administrasiyası təqribən 450 millik sərhəd divarının inşasını həyata keçirmiş oldu. İnşa edilmiş divarın böyük hissəsi sərhəd boyu mövcud kiçik sədlərin əvəz edilməsindən ibarət olub.

Səfər eyni zamanda Trampın kabinetində Daxili Təhlükəsizlik naziri vəzifəsini icra edən Çad Volfun qəfildən istefa verməsindən bir gün sonra baş tutur.

Trampın Alamoya səfəri ərəfəsində Yoxsulluq məsələləri üzrə Cənub Hüquqi Mərkəzi bu ziyarətin ləğv edilməsinə çağıraraq, bunun “zərəri daha da artıracağını və daha çox zorakılığa səbəb olacağını” bildirib.

“İllərdir sərhəddəki icmalar bu administrasiyanın tolerant olmayan siyasətinə müqavimət göstərib. Məhz San Dieqodan Brovnsvillə qədər bu icmalar prezidentin mühacirət əleyhinə ritorikası və ksenofob siyasətindən qaynaqlanan zorakılığa məruz qalıb” - deyə, mərkəzin İmmiqrasiya Ədaləti Layihəsinin hüquq məsələləri üzrə direktor müavini Efren Olivares açıqlayıb.

XS
SM
MD
LG