Accessibility links

Donald Tramp 1,3 milyard dollarlıq büdcə layihəsini imzalayıb


ABŞ prezidenti Donald Tramp cümə günü 1.3 trilyon dollarlıq büdcəni könülsüz şəkildə imzalayıb. İlk öncə o, ABŞ-a uşaq ikən gətirilən qanunsuz mühacirləri qorumadığı və onun təklif etdiyi sərhəd divarını tam maliyyələşdirmədiyi üçün qanun layihəsini veto edəcəyini deyirdi.

Cümə gündüz Ağ Evdə təşkil olunan tədbirdə Tramp müxbirlərə deyib ki, o, büdcə layihəsində “bir çox şeydən narazı” olsa da, “milli təhlükəsizlik məqsədilə” onu imzalayıb.

“Mən bir daha buna bənzər qanun imzalamayacağam,” o söyləyib. “Heç kəs bunu oxumayıb. Bu, bir neçə saat əvvəl hazırlanıb. Bu büdcə indiyədək hazırlanmış ikinci ən böyük büdcədir, 1.3 trilyon dollar.”

Demokratlar onlara qarşı çox pis rəftar etdi. Biz büdcə layihəsinə DACA-nı, 800 min, hətta bəlkə də daha çox insanı daxil etmək istəyirdik. Amma demokratlar bunu etmədi.
Donald Tramp

Tramp büdcə qanunu imzalayaraq hökümətin bağlanmasının qarşısını alıb.

Tramp müxbirlərə deyib ki, o, vetonu ciddi nəzərdən keçirib, lakin orduya ayırılan pulun artırılmasını nəzərə alaraq, imzalamağa qərar verib.

O deyib ki, yeni büdcədə son 10 ildə ABŞ qoşunlarına ən çox pul ayırılıb. Bundan əlavə müdafiə xərcləri də 2017-ci il ilə müqayisədə 60 milyard dollar artacaq. Ümumilikdə müdafiə xərcləri 700 milyard dollar təşkil edəcək.

Ağ Evin Diplomatik Otağında keçirilən tədbirdə respublikaçı prezident demokratları DACA-dan faydalananlan insanları kifayət qədər müdafiə ilə təmin etməməkdə günahlandırıb.

“Demokratlar onlara qarşı çox pis rəftar etdi. Biz büdcə layihəsinə DACA-nı, 800 min, hətta bəlkə də daha çox insanı daxil etmək istəyirdik. Amma demokratlar bunu etmədi,” prezident deyib.

DACA (Deferred Action for Childhood Arrivals) 2012-ci ildə başlamış uşaq yaşlarında ABŞ-a gələnlərlə bağlı təxirə salınmış icra proqramıdır. Tramp ötən il proqramı ləğv etdi və Konqresə DACA-dan faydalanan insanlar üçün daimi plan hazırlamaları üçün altı ay vaxt verib.

Demokratların səylərinə baxmayaraq, qanun layihəsində DACA ilə bağlı heç bir maddə yoxdur. Demokratlar respublikaçı liderləri DACA ilə bağlı təbirlər görməyə çağırıb. Bu arada isə federal hakimlər Tramp administrasiyasına DACA ilə bağlı məhkəmə işi davam etdiyi müddətdə proqramın bəzi hissələrini davam etdirməyə dair göstəriş verib.

Sərhəd divarı

Tramp israr edirdi ki, hər hansı DACA qanun layihəsinə ABŞ-ın Meksika ilə sərhəddə böyük sərhəd divarının inşasının maliyyələşdirilməsi daxil olmalıdır.

ABŞ prezidenti sərhəd divarının tam maliyyələşdirilmədiyinə görə, məyus olsa da, puldan dərhal istifadə etməyə başlayacağını deyib.

"Biz 1,6 milyard dollarlıq ilkin ödənişi təsdiq etdik. Biz bazar ertəsi artıq inşa işlərinə başlayacağıq. Biz təkcə yeni divarlar inşa etməyəcəyik, həm də köhnələri bərpa edəcəyik," o söyləyib.

Nümayəndələr Palatası cümə axşamı qanun layihəsini təsdiq etdikdən sonra cümə günü Senat büdcəni 65-32 səs fərqi ilə təsdiqləyib.

Qanunvericilər çərşənbə gecə hazırlanan təxminən 2200 səhifəlik qanun layihəsini imzalamağa bir neçə saatları olub.

XS
SM
MD
LG