ABŞ Ticarət Departamenti cümə günü ölkə ərazisindəki insanların Çinə məxsus mesajlaşma xidməti WeChat və video paylaşma tətbiqi TikTok-u 20 sentyabrdan etibarən yükləmələrini qadağan edən sərəncam verəcəyini bildirib.
Ticarət Departamenti rəsmiləri TikTok-un ABŞ-da yüklənmələrinə qadağanın bazar günü qüvvəyə minmədən əvvəl Prezident Donald Tramp tərəfindən ləğv edilə biləcəyini də deyib. TikTon-un sahibi ByteDance isə öz növbəsində ABŞ-dakı əməliyyatlarının taleyi ilə əlaqədar bir razılaşma imzalamağa çalışır.
ByteDance Oracle Corp və digərləri ilə ABŞ-ın istifadəçilərinin məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları aradan qaldırmaq məqsədi ilə TikTok Global adlı yeni bir şirkət yaratmaq üçün danışıqlar aparır. Buna baxmayaraq ByteDance ABŞ qadağasının qaldırılması üçün hələ də Trampın təsdiqinə ehtiyac duyur.
Ticarət rəsmiləri TikTok üçün 12 noyabr tarixinə qədər əlavə texniki əməliyyatlara qadağa qoymayacaqlarını söyləyib. Bu da şirkətə ByteDance-ə ABŞ əməliyyatları ilə bağlı bir razılıq əldə etməsi üçün əlavə vaxt verir.
Ticarət katibi Wilbur Ross "Fox Business Network"-a verdiyi açıqlamada "əsas TikTok 12 noyabra qədər toxunulmaz qalacaq" deyib.