Accessibility links

Həm Tramp, həm də Bayden Çinin uyğur müsəlmanlarına münasibətini pisləyir


ABŞ-da prezidentliyə həm Demokratik namizəd Co Bayden, həm də prezident Donald Tramp Çinin uyğur müsəlman azlığına münasibıtini pisləyib. Bayden bunu soyqırım adlandırıb.

"Çinin avtoritar hökumətinin uyğurlar və digər etnik azlıqlara etdiyi zülm soyqırımdır və Co Bayden qətiyyətlə buna qarşıdır" - deyə, Co Baydenin kampaniyası bu həftə bəyan edib.

Tramp administrasiyası Pekinin hərəkətlərini soyqırım kimi qiymətləndirməsə də, Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Ulyot çinlilərin uyğurlara münasibətini qınayıb.

O, Çinin "qadınlara qarşı vəhşi şəkildə davrandığını - məcburi abortlar, məcburi sterilizasiya və məcburi doğuş üsulları, dövlət tərəfindən maliyyələşdirilən məcburi əmək, həbsxanalardakı qadınların zorlanması da daxil olmaqla, cinsi zorakılıqlar, Han məmurlarının evlərində məcburi saxlanmalar və məcburi evliliklərin" olduğunu deyib.

"Çin Kommunist Partiyasının vəhşiliklərinə İkinci Dünya Müharibəsindən bəri bu etnik azlığın kütləvi həbsləri də daxildir" - deyə, Milli Təhlükəsizlik Şurasının sözçüsü əlavə edib.

Bayden kampaniyası "Tramp administrasiyası Çinin hərəkətlərini soyqırım adlandırmaq qərarına gələrsə, belə bir aktual sual doğar - Donald Tramp hansı addımları atacaq? Uyğurlara qarşı belə dəhşətli rəftara göz yumduğu üçün üzr istəməsi də lazımdır" deyib.

"Prezident Trampın siyasəti hər bir insanın - doğulmuş və ya doğulmamış, imkansız, əlil və qocanın özünəməxsus bir dəyərinin olduğunu göstərdi. Tramp uyğurlara münasibətinə görə Çinə qarşı cəsarətli addımlar atıb" - deyə, Ulyot bildirib.

Tramp administrasiyasının yüksək səviyyəli rəsmisi son bir ildə ABŞ-ın uyğurların saxlandığı Sincan vilayətində insan haqlarının pozulmasına görə Çin rəsmilərinə müxtəlif məhdudiyyətlər və sanksiyalar tətbiq etdiyini deyib.

XS
SM
MD
LG