«The Washington Post» qəzeti Bakıda tikintisi yarımçıq qalmış «Trump Tower» barədə məqalə dərc edib. Müəllif Kevin Sullivan yazır ki, «Trump International Hotel&Tower» kompleksinin tikintisi ötən il dayanıb, səbəb də neftin ucuzlaşmasıdır. Hazırda kompleksin yerli sahibi böyük itkilərlə üzləşib, ancaq kontraktları yenidən razılaşdırmağa, binanın açılmasına nail olmağa çalışır.
«Amma layihəyə pul xərcləməyən Donald Tramp adından istifadə hüququnun satışından və mülkiyyətə idarəçilik müqaviləsindən milyonlar qazanıb. 2014-cü ilin yanvarından 2015-ci ilin iyulunadək Tramp bu layihədən 2.5 milyon dollar gəlir, menecment haqqı kimi isə 323 min dollar əldə edib. Bunu prezidentliyə iddialı maliyyə bəyannaməsində qeyd edir».
MARAQLAR TOQQUŞMASI
Yazıda vurğulanır ki, seçilərsə, Tramp qlobal biznes imperiyasına yiyələnmiş ilk ABŞ prezidenti olacaq. Bu imperiyaya yeddi kurort, otellər, xarici ölkələrdə müxtəlif layihələr daxildir. 11 otel tikilməkdədir, hələ başqa planlar da var.
«Bu mülklərin bəziləri ABŞ-ın iqtisadi və təhlükəsizlik maraqlarının olduğu Türkiyə, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycandadır. Yəni, prezident seçiləcəyi halda Trampın şəxsi biznesi ilə prezidentliyi arasında maraqlar toqquşması yarana bilər», - müəllif yazır.
«Neft ölkəsi olan Azərbaycanda Tramp 35 yaşlı milyarder Anar Məmmədovla tərəfdaşlıq edib. Onun ailəsi hakim rejimin bir hissəsidir, ABŞ Dövlət Departamenti və digərləri bu rejimin köklü korrupsiya və insan haqları pozuntuları içində üzdüyünü bildirir».
«Məmmədov sərvətinin böyük hissəsini atasının rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin tikinti kontraktlarından qazanıb. Bunu araşdırmaçı jurnalistlər üzə çıxarıb... Əliyev rejiminin tənqidçiləri deyirlər ki, Məmmədovun Tramp layihəsindəki roluna hökumət dəstək verib və gələcəkdə bu layihənin uğuru hökumət rəsmiləri ilə yaxşı münasibətlərin qurulmasından asılıdır».
«ŞİRKƏTİN İŞLƏRİNƏ QARIŞMAYACAQ»
Müəllif vurğulayır ki, Tramp şəxsi biznes maraqlarını administrasiya siyasətindən necə ayıracağını açıqlamayıb. Ancaq baş müşaviri Alan Garten deyir ki, Tramp prezident seçiləcəyi halda, şirkəti maraqlar toqquşmasından qaçmaqdan ötrü addımlar atacaq: «Cənab Tramp şirkətin işlərinə qarışmayacaq və şirkət maraqlar toqquşmasını önləmək məqsədilə sərt siyasət yürüdəcək. Bütün bunlar çox sakit və səmərəli şəkildə həyata keçirilə bilər».
Anar Məmmədovun sərvətinin mənbələrinə dair suallara gəlincə, Garten deyib ki, bütün bu məlumatlar razılaşma imzalanandan sonra ortaya çıxıb.
Bu rejimin korrupsiyası və ona bağlı oliqarxların işləri çox yaxşı sənədləşdirilib. Demokratiya və insan haqlarına dəyər verən Birləşmiş Ştatlarda ən yüksək postu tutan biri üçün bu məsələ problemlidir.
Müəllif cənab Məmmədovdan bir neçə həftə ərzində şərh ala bilməyib. Şirkətinə, dostları və biznes həmkarlarına elektron məktub və Facebook vasitəsilə göndərilən sorğular cavabsız qalıb.
Ancaq tənqidçiləri deyirlər ki, seçiləcəyi halda, Tramp bu ölkədəki biznes maraqları ilə öz ölkəsinin maraqları arasında sərhəd qoymaqda çətinliklərlə üzləşəcək.
«BU, BİR MAFİYADIR»
Yazıda Azərbaycanın onillər boyunca Əliyevlər ailəsi tərəfindən idarə olunmasından, ölkədə insan haqlarının, söz azadlığının acınacaqlı durumundan söz açılır. Prezidentin illik məvacibinin 200 min dollar olmasına baxmayaraq, özünün və ailə üzvlərinin dünyanın müxtəlif yerlərində mal-mülkə yiyələndiyi vurğulanır.
«Bu, bir mafiyadır», - müxalif «Azadlıq» qəzetinin baş redaktoru, hazırda Parisdə mühacir həyatı yaşayan Qənimət Zahid belə deyir. O, Trampın Məmmədovla tərəfdaşlığının narahatlıq doğurduğunu bildirir, bunu Tramp tərəfindən atılmış hiyləgər biznes addımı sayır.
Londonda yaşayan insan haqları müdafiəçisi Rebekka Vinsent Trampın Azərbaycanda biznes maraqlarının ABŞ prezidentinin maraqları ilə açıq-aydın toqquşduğunu söyləyir: «Bu rejimin korrupsiyası və ona bağlı oliqarxların işləri çox yaxşı sənədləşdirilib. Demokratiya və insan haqlarına dəyər verən Birləşmiş Ştatlarda ən yüksək postu tutan biri üçün bu məsələ problemlidir. O, həmin dəyərlərə sayqı göstərməyən bir rejimlə biznes qurmuş olur».
4 İLƏ 12 MİLYON DOLLAR
Ancaq Azərbaycan rəsmiləri korrupsiya iddialarını təkzib edir.
«Azərbaycan inkişafa doğru düzgün yol tutub, gələcəyə baxırıq», - Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev belə deyir. «Geosiyasi baxımdan çətin bir mövqedə yerləşən, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan, sözün əsl mənasında, sülh və sabitlik adası yarada bilib».
Məqalədə daha sonra Məmmədovların Azərbaycanda ən varlı ailələrdən biri olmasından, Anar Məmmədovun təsisçisi olduğu Azərbaycan-Amerika Alyansının fəaliyyətindən söz açılır. Anonim danışan bir nəfər Məmmədovun ölkəsində xeyriyyə işlərini gördüyünü vurğulayır, onun çox parlaq birisi olduğunu deyir. Alyans isə dörd il ərzində Vaşinqtonda qala yeməklərlə birlikdə lobbiçilik işlərinə 12 milyon dollardan çox pul xərcləyib.
ƏTRAFI OT-ƏLƏF BASIB
Müəllif yazır ki, Trampla Məmmədovun «Garant Holding» şirkəti razılaşmanı 2012-ci il mayın 25-də imzalayıb, ancaq 2 il ərzində ictimaiyyətə elan edilməyib. «Bu arada insan haqları fəalları, jurnalistlər Məmmədova qarşı iddiaları sənədləşdirməkdə idi», - yazan müəllif AzadlıqRadiosunun araşdırmalarını yada salır. Bu araşdırmalar Məmmədovun atasının nazirliyi ilə kontraktlardan 1 milyarddan artıq qazanc əldə etdiyini üzə çıxarıb. AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın saxta ittihamlarla həbsə atıldığı, ötən həftə buraxıldığı vurğulanır.
Müəllif yazır ki, Trump-la Məmmədovun «Garant Holding» şirkəti razılaşmanı 2012-ci il mayın 25-də imzalayıb, ancaq 2 il ərzində ictimaiyyətə elan edilməyib.
Bakıdakı otel 2015-ci ildə açılmalıydı, Trampın veb-saytında bu barədə məlumat yeləşdirilmişdi. Ancaq dekabrda otel barədə informasiya saytdan qeybə çəkilib. Trampın işə götürdüyü baş menecer isə Praqada işləməyə başlayıb. Tikinti işləri də dayanıb, otel möhkəmcə bağlanıb.
Müəllif yazır ki, hazırda əraziyə iki mühafizəçi və mürgü döyən biri baxır. Ətrafı ot-ələf basıb. «TRUMP» yazılmış böyük qlobusun yerləşdiyi fəvvarə isə qum və zibillə doludur.
Binada divarlardan asılı qalmış naqillər yellənir, elektrik və işıq yoxdur. Lobbidə katibə masası, demək olar, hazırdır. Elə ikinci mərtəbədə üzgüçülük hovuzunda çatışmayan da bircə sudur.
TİKİNTİNİN 90 FAİZİ TAMAMLANIB
«Garant Holding»in baş mühasibi Xalid Kərimli deyir ki, tikintidə fasilə yaranıb. Neftin barreli ötən il 100 dollardan 26 dollara düşüncə, Azərbaycan iqtisadiyyatı böyük problem yaşayıb, manat devalvasiya olunub. Ancaq Kərimlinin sözlərinə görə, «Garant» ABŞ dolları ilə yazılmış kontraktları dəyişməyə çalışır. Axı manat ucuzlaşandan sonra Tramp layihəsinin dəyəri iki dəfə qalxıb. Kərimli deyir ki, tikintinin 90 faizi tamamlanıb və ümid edir ki, işlər bir-iki aya bərpa olacaq. Onun sözlərincə, ötən ilin dekabrında açılmalı olan otel ola bilsin, gələn il açılsın.
Bu oyunda pul itirməyən əsas tərəf isə Trampdır. Onunla sazişə yenidən baxılmır və gəliri də azalmayacaq. Nə Kərimli, nə də Garten Trampa nə qədər pul verildiyini açıqlamayıb.
Garten deyib ki, Bakıdakı layihəyə Trampın nəzarətində olmayan iqtisadi faktorlar təsir edib. O, 2008-ci il qlobal böhranının bir sıra layihələri dayandırdığını yada salır, bundan Tramp və bir sıra biznesmenlər ziyan görüb: «Bütün sərvətini itirənlər oldu. Cənab Tramp çoxları kimi bütün bunları yaşayıb».
ANAR RADARDAN İTİB
Müəllif vurğulayır ki, Tramp layihəsi dayanan kimi Məmmədov da yoxa çıxıb. O, ödənişləri kəsib, Azərbaycan Amerika Alyansı ötən payız Vaşinqtonda qala nahar təşkil etməyib. Alyansın amerikalı sədri Dan Burton bir il ərzində pulunu ala bilmədiyindən istefa verib.
Tanıyanlar deyirlər ki, Məmmədov daha çox Londonda yaşayır. «O, sadəcə, radardan itib. Tamamilə itib», - adının çəkilməsini istəməyən bir dostu deyir.
Kərimlinin sözlərinə görə, Məmmədov Trampın adını ona görə lisenziyalaşdırmaq istəyib ki, o, Azərbaycanda siyasi və biznes elitası içində tanınıb. İndi isə prezidentliyə iddialı Trampın adı bu layihəni lap göylərə qaldırar. «Yaxşı investisiyasıdır və gözlənilməz dəyişiklik baş verdi. Ümid edirik, Tramp prezident seçiləcək», - o gülərək deyir.