ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Polşada daimi olaraq əlavə 2 min nəfərlik əsgəri qüvvənin yerləşdirilməsini nəzərdən keçirdiyini bildirib.
Amerika lideri bu açıqlamaları Ağ Evdə Polşa prezidenti Andjey Duda ilə birgə keçirdiyi mətbuat konfrasında verib.
“Biz onları başqa yerdən gətirəcəyik” – deyə, prezident Tramp əsgərlərin Almaniyadan gətirilə biləcəyi ehtimalını irəli sürüb.
“Biz bu məsələ haqda danışdıq. Bu hərbi baza üçün çox miqdarda maliyyə vəsaiti tələb olunacaq” –deyə, Tramp çərşənbə günü bildirib.
Tramp bununla belə Amerika əsgərlərinin bütünlüklə Avropada sayının artırılacağını istisna edib.
“Biz hələlik tam qərar verməmişik”, o əlavə edib.
Polşa lideri ABŞ-ın ölkədə hərbi mövcudluğunun tədricən artacağına ümid etdiyini bildirib.
İki prezident danışıqlardan sonra Vaşinqton və Varşava arasında müdafiə sahəsində birgə deklarasiyaya imza atıb.
Polşa Rusiyanın mümkün təcavüzü qarşısında ölkədə ABŞ qüvvələri və texnikasının yerləşdirilməsi üçün 2 milyard dollar vəsait ayrılmasına söz verib.
Tramp birgə mətbuat konfransında bu ilin sentyabr ayında Polşanı yenidən ziyarət etməyə hazırlaşdığını deyib.