Accessibility links

Tramp ABŞ-Meksika sərhədini bağlamaqla hədələyir


Tramp ABŞ-Meksika sərhədini bağlamaqla hədələyir
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Prezident Donald Trampın Amerikanın cənubunda Meksika ilə sərhədini bağlamaq hədəsi və ABŞ-ın üç Mərkəzi Amerika ölkəsinə yardımını dayandırmaq istədiyini elan etməsindən sonra Vaşinqtonda diqqət yenidən immiqrasiya və sərhəd təhlükəsizliyinə yönəlib. Trampın bu addımı ABŞ-Meksika sərhədində federal ehtiyatların azalması ilə nəticələnən qanunsuz miqrant axınının artdığı vaxta təsadüf edib.

Amerikanın cənub bölgəsinə miqrant axını ötən illə müqayisədə 97 faiz artıb. Milli Təhlükəsizlik Departamentinin bildirdiyinə görə, hər gün orta hesabla 2 min insan sərhəd təhlükəsizliyi xidməti tərəfindən ələ keçirilir. Onların çoxu Mərkəzi Amerika ölkələrindən gəlir.

Hazırda Qvatemaladan iki böyük karvan gəlir və onlar Meksikadan keçir. Lakin Meksika onların qarşısını ala bilsə də, bunu etmir, amma əgər onlar bunu etməsələr, biz sərhədi bağlayacağıq. Və bu sərhəd uzun müddət bağlı qalacaq. Mən oyun oynamıram.
Donald Tramp

“Meksika bunun qarşısını ala bilər. Öz cənub sərhədində”, Tramp deyib.

Prezident Tramp bu məsələ ilə bağlı müəyyən addımlar atacağına söz verir.

“Hazırda Qvatemaladan iki böyük karvan gəlir və onlar Meksikadan keçir. Lakin Meksika onların qarşısını ala bilsə də, bunu etmir, amma əgər onlar bunu etməsələr, biz sərhədi bağlayacağıq. Və bu sərhəd uzun müddət bağlı qalacaq. Mən oyun oynamıram”, o söyləyib.

Bu cür addım daha öncə də atılıb. Prezident Ronald Reyqan 1985-ci ildə ABŞ-ın narkotik əleyhinə mübarizə agentinin Meksikada qaçırılmasına etiraz olaraq dövlət sərhədində bir neçə buraxılış məntəqələrini müvəqqəti bağlamışdı.

Lakin sərhədləri uzun müddətli bağlamaq iki ölkə arasında illik 500 milyard dollar təşkil edən ticarətə böyük ziyan vura bilər.

Meksikanın xarici işlər naziri Marselo Ebrard Trampa Twitter-də cavab verərək deyib ki, “Meskika hədələrə boyun əymir və miqrasiya məsələlərini məsuliyyəlti və hörmətli bir şəkildə həll edəcək”.

ABŞ qanunvericiləri də məsələ ilə bağlı fikirlərini bölüşür. Nyu meksikolu demokrat senator Tom Udall tvit ataraq bildirib ki, ABŞ-Meksika sərhədi “ticarət, iqtisadi fəallıq və mədəni canlılıq nöqtəsidir” və sərhədləri bağlamaq hər gün 1.4 milyard dollar dəyərində ticarətə ziyan vuracaq.

Növbəti il keçiriləcək prezident seçkisində Trampa qarşı yarışacaq demokrat namizədlər də məsələ ilə bağlı münasibətlərini bildirir.

“Biz təhlükəsizik. İmmiqrantlar və sığınacaq axtaranlar şəhəri olduğumuza rəğmən deyil. Biz təhlükəsizik, çünki immiqrantlar və sığınacaq axtaranlar şəhəriyik. Biz fərqliliklərimizdən qorxmamağı, onları qəbul edib, onlara hörmət göstərməyi öyrənmişik” - deyə, prezidentliyə demokrat namizəd Beto O'Rurk bildirib.

Mərkəzi Amerikadan gələn miqrant karvanı
Mərkəzi Amerikadan gələn miqrant karvanı

Ağ Ev deyir ki, Trampın kəskin tədbirləri nəzərdən keçirməkdən başqa seçimi yoxdur.

“Demokratlar bizə bunu etmək üçün əlavə pul verməyəcək, onlar bizə əlavə işçi verməyəcək və ən önəmlisi onlar Cənubi və Mərkəzi Amerikadan insanları bu ölkəyə cəlb edən böyük maqnit kimi fəaliyyət göstərən qanunu dəyişməyəcək. Bu cür məhdudiyətlər fonunda prezident əlindən gələni edəcək. Əgər bunun üçün giriş limanlarını bağlamaq lazımdırsa, prezident bunu edəcək”, Ağ Evin aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Mik Malvani bildirib.

Tramp həmçinin ABŞ-ın El Salvador, Qvatemala və Hondurasa yardımını kəsmək istədiyini söyələyib. Onun bu addımını həyata keçirə bilməsi üçün isə Konqresin təsdiqinə ehtiyacı var.

XS
SM
MD
LG