Federal hakim cümə günü Prezident Donald Trampın sabiq kampaniya sədri Paul Manafortu zamində olduğu dönəmdə şahidlə təmas qurmağa çalışdığı üçün həbsə göndərib.
Manafort ona qarşı oktyabrda ittiham sürüləndən bəri $10 milyon dollar müqabilində zaminə buraxılmışdı. O, xüsusi prokurorun Rusiyanın 2016-cı il seçkilərinə qarışması və Tramp kampaniyasının Moskva ilə mümkün işbirliyi ilə bağlı apardığı təhqiqatın subyekti idi.
Manafort və onun biznes tərəfdaşı Konstantin Kilimnik dəfələrlə iki adları çəkilməyən şəxslə əlaqə saxlayaraq onların ifadələrini dəyişmələrinə təsir göstərməkdə ittiham edilir.
Manafort xüsusi prokuror Robert Mallerin ittiham irəli sürdüyü 20 adam sırasındadır və Tramp kampaniyasının həbsxanaya salınan ilk əməkdaşıdır.
Cümə günü yazdığı Twitter mesajında Prezident Tramp hakimin qərarını “sərt” adlandırıb.
“Mən bilməzdim ki, Manafort mafiya başçısı idi. Bəs Komi (sabiq FBI rəhbəri) və Əyri Hillari və başqaları necə? Çox ədalətsiz!” Tramp yazıb.
Məhkəməyə gələn Manafort “ədalətə maneəçilik” ittihamlarını qəbul etmədiyini söyləyib və iki potensial şahidə təsir göstərmək cəhdinin olduğunu inkar edib.
Federal dairə hakimi Eymi Berman Cekson yeni ittihamları əsas götürərək Mallerin ötən həftə qaldırdığı vəsatətə istinadən zamini ləğv etmək və sentyabrda keçiriləcək məhkəməyədək Manafortu həbsxanaya göndərmək barədə hökm çıxarıb.
Xanımına əl yelləyən Manafortu məhkəmə zalından polis zabitləri müşayiət edərək çıxarıb.
Qrand Jürinin son ittihamnaməsində 69 yaşlı Manafort və onun biznes tərəfdaşı Konstantin Kilimnik dəfələrlə iki adları çəkilməyən şəxslə əlaqə saxlayaraq onların ifadələrini dəyişmələrinə təsir göstərməkdə ittiham edilir.