Accessibility links

Traktorsazi klubu: İrqi ayrı-seçkiliyə görə cərimə yüngül olmamalıdır


Traktorsazi İran Futbol Federasiyasını FIFA-nın qaydalarına riayət etməyə çağırır

Traktorsazi klubu İran stadionlarında Azərbaycan türklərinə qarşı irqi ayrı-seçkiliyə etiraz edir. Klubun Futbol Federasiyasına təqdim etdiyi rəsmi etiraz müraciətində, irqi ayrı-seçkilik nümayiş etdirənlərin FIFA-nın prinsiplərinə uyğun bir şəkildə cəzalandırılması tələb edilib.

İSNA agentliyinin yanvarın 22-də yayımladığı xəbərə görə, Traktorsazi müraciətində Futbol Federasiyasının İntizam Komitəsini Beynəlxalq Futbol Federasiyalarının (FIFA) qaydalarına riayət etməyə çağırıb.

İran Futbol Federasiyasının İntizam Komitəsinin qərarı ortada olan etnik və irqi ayrı-seçkiliyin dərəcəsi ilə mütənasib deyil.
Traktorsazi klubu

Traktorsazinin etiraz müraciəti keçən dekabr ayının 29-da Tehranın Azadi Stadionunda Persopolis komandası ilə keçirdiyi matç zamanı baş verən olaylarla əlaqəlidir. Həmin matçda çəkilən və sosial şəbəkələrdə yayımlanan videolarda tehranlı azarkeşlərin türklərə qarşı səsləndirdiyi aşağılayıcı ifadələr eşidilir.

Perspolis azarkeşlərinin səsləndirdiyi “eşşək” kəlməsi FIFA-nın daha əvvəl yayımladığı sənədlərdə irqi ayrı-seçkilik nümunəsi kimi göstərilib. Tehranlı azarkeşlər aşağılayıcı ifadəni bu dəfə türk dilində səsləndiriblər.

Matçdan sonra Təbriz klubu İran Futbol Federasiyasının İntizam Komitəsinə müraciət edərək Persepolis komandasından rəsmi olaraq şikayət etmişdi. Lakin komitənin qərarı klub və azarkeşlərini xəyal qırıqlığına uğratdı. Komitə Persepolis komandasını bir matçda azarkeş dəstəyindən məhrum etməklə yanaşı, hər iki komandaya pul cəriməsi tətbiq edib.

Traxtor azarkeşləri "Türk dilində təhsil" tələb edir
Traxtor azarkeşləri "Türk dilində təhsil" tələb edir

​Traktorsazi klubunun müraciətində qeyd edilib ki, “İntizam Komitəsinin qərarı ortada olan etnik və irqi ayrı-seçkiliyin dərəcəsi ilə mütənasib deyil. Çünki mövcud dəlillər göstərir ki, türk dilində olan o təhqiramiz ləqəb hazırlıqlı və koordinasiyalı bir şəkildə səsləndirilir...”

Müracətdə İran Futbol Federasiyasının qərarının FIFA qaydaları ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan Traktorsazi klubu ölkədə türk kimliyinin bir simvolu kimi dəyərləndirilir.

XS
SM
MD
LG