Accessibility links

Toğrul Maşallı: Gömrükdə yeni məhdudlaşdırma rasionallıq yox, daha çox vəsait toplamaqdır


Toğrul Maşallı
Toğrul Maşallı

İqtisadçı ekspert Toğrul Maşallı Amerikanın Səsinə müsahibəsində ölkəyə rüsümsuz gətirilən və elektron ticarət vasitəsi ilə idxal olunan mallara güzəşt limitinin azaldılmasının yaradacağı problemlərdən danışıb.

Amerikanın Səsi: Şəxsi istehlak üçün ölkəyə rüsümsuz gətirilən və elektron ticarət vasitəsi ilə idxal olunan mallara güzəşt limitinin azaldılması birmənalı qarşılanmayıb. Bu qərar fiskal baxımdan nə dərəcədə əsaslıdır və büdcə gəlirlərinin artırılmasına nə qədər müsbət təsir göstərə bilər?

Toğrul Maşallı: İlk əvvəl qeyd etmək lazımdır ki, bizdə fiskal əsaslandırma, yəni hər hansı qaydanı, vergi rüsumunun fiskal əsaslandırması adi bir sənəd dərc olunmur. Ona görə, bunun nə dərəcədə əsaslandırılması bəlli deyil. Dövlət Gömrük Komitəsi yalnız bir məqamı qeyd edir ki, biz dövlət büdcəsinin gəlirlərini artırmalıyıq. Çünki bu ilin 7 ayının nəticəsinə görə Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinə köçürmələrinin həcmi nisbətən azalıb. Bu, bir çox istiqamətlər üzrə baş verib. İndi də onların əsas məqsədi bu həcmi bərpa etməkdir. Müxtəlif addımlar atılır. Onlardan biri də, məhz, bu addımdır. Mənim şəxsi fikrimcə, bu, o qədər də çox vəsait deyil. Dövlət Gömrük Komitəsinin sədri deyib ki, bu 70-100 milyon manat dövriyyə olan sahədir. Mənim fikrimcə, bu, onlara çox vəsait gətirməyəcək, ən yaxşı halda ayda 7-10 milyon manat vəsait gətirə bilər. O da çox böyük vəsait deyil. Yəni buna görə hansısa addım atmaq düzgün deyil. Ümumiyyətlə, nəyə görə bunu deyirəm, çünki fiskal əsaslandırma adlı bir anlayış var ki, orada hər bir verginin götürülməsinə nə qədər xərc çəkilir. İndiki sistemdə onlar bunun üçün əlavə sistemlər yaratmalıdır. Nəticə etibarı ilə onların xərcləri daha çox çıxacaq nəinki gəlirləri olacaq. Ona görə, mənim fikrimcə, bu, qeyri-effektiv addımdır.

Amerikanın Səsi: Güzəşt limitinin azaldılmasının tətbiqindən daha çox hansı subyektlər qazanacaq, itirənlər kimlər olacaq?

Birincisi, adi insanlar artıq xaricdən sifariş verəndə əvvəldən düşünməlidir, nəyi sifariş verməlidirlər

Toğrul Maşallı: Qazanacaq, ən yaşı halda burada Dövlət Gömrük Komitəsi və dediyim kimi çox cüzi qazanacaq, çox da qazanmayacaq. İtirənlər də olacaq, onları bir neçə hissəyə bölə bilərik. Birincisi, adi insanlar ki, onlar artıq xaricdən sifariş verəndə əvvəldən düşünməlidir, nəyi sifariş verməlidirlər. Çünki ayda bir dəfə məsələsi var və onun tətbiqi bəlli olmayan mexanizmlərlə baş verəcək, eyni zamanda xərclər cəhətdən. Çünki onlar xaricdən bir çox hallarda kompüter üçün texniki avadanlıq alırdılar. Onların dəyəri də 300 dollardan yüksəkdir. Eyni zamanda, xaricdən nəyisə gətirəndə bir neçə dəfə bu barədə düşünəcəklər. İkinci tərəfdən artıq bu vasitəçilər, şirkətlər hansı ki vasitəçilik edirdi xaricdən məhsulları gətirirdi. Onlar qazanırdı gətirmədə və o şirkətlərin böyük hissəsi ya bağlanacaq, ya dövrüyyəsini azaldacaq, ya da başqa funksiyalar yerinə yetirməyə başlayacaq. Kiçik və orta sahibkarlıq subyektləri də ziyan çəkəcək. Onlar bir çox hallarda texnika satış üçün vasitəçi olurdu və 20-30 manat qazanırdılar. İndi onlar da itirəcəklər. Çünki onlar artıq satış edə bilməyəcəklər. Onlar avadanlıqları rəsmi rüsumlarla almalı olacaqlar. Rəsmi rüsumlarla almaq artıq avadanlığın qiymətinin ən azı 50 faiz artımı deməkdir.

Amerikanın Səsi: Ümumiyyətlə dövlətin gömrük siyasətini rasional hesab etmək olarmı?

Toğrul Maşallı: İndiki halda bizim gömrük siyasətinin ümumiyyətlə hər hansı əsaslandırması yoxdur. Yəni rəsmi elan olunur ki, bizdə daxili bazarın müdafiəsidir, qorunmasıdır və s. Amma daxili bazarın qorunması yalnız o halda mümkündür ki, daxili bazar olsun. Çox da uzağa getməyək, geyim istehsalı belə Azərbaycanda aşağı səviyyədədir. Biz bunu xüsusilə karantin dövründə gördük. Elektron qaydada belə geyim satışı yoxdur. Nəticə etibarı ilə qərar verəndə belə bütöv sahəni öldürürlər. Digər sahələrə, o cümlədən rüsum siyasətinə baxanda 10-15 faiz rüsum var. Gömrük rəsmləşdirilməsi xərcləri çox yüksəkdir. Biz görəcəyik ki, əsas onların məqsədi dövlət büdcəsinə pul gətirmək, yəni rasionallıq yox, daha çox vəsait gətirməkdir.

Amerikanın Səsi: Bəzi ekspertlər gömrük komitəsinin ləğv edilməsini və bu strukturun vergi xidmətilə birləşdirilməsini təklif edir. Sizcə belə bir addım fiskal siyasətin səmərəsinin və büdcə gəlirlərinin artırılmasına müsbət təsir göstərə bilərmi?

Birləşdirəndə artıq bu vahid sistem olacaq. Həm gömrüyün, həm vergi xidmətinin vahid sistemi olacaq..

Toğrul Maşallı: Mənim fikrimcə bu baş verə bilər. Çünki bizdə büdcə yığımları sahəsində bir çox qurumlar fəaliyyət göstərir. Əsasları da bildiyimiz kimi, Dövlət Vergi Xidmətidir və Dövlət Gömrük Komitəsidir. Digərləri də var. Hamısı da pul yığır, hansısa formada, yəni, rüsum, cərimə formasında və s. Bu hər bir rüsum, hər bir ödəniş daha çox xərc deməkdir. Birləşdirəndə artıq bu vahid sistem olacaq. Həm gömrüyün, həm vergi xidmətinin vahid sistem olacaq. Bu yoxlanış məsələsində hökümət üçün də üstündür. İndi onlar oturub müxtəlif sistemlər yaradırlar ki, sərhəddən Bakıya kimi yoxlamaq mümkün olsun. Bu vahid sistem olduğu halda, bu, sistem heç lazım da olmayacaq. Eyni zamanda xərclər azalacaq. Çünki hər iki qurumun əməkdaşların sayı çoxdur. Və hər iki qurumun əməkdaşlarının sayı azalacaq və ƏDV sahəsinə yalnız bir nəzarət olacaq. ƏDV sahəsinə bu dəqiqə iki nəzarət var. Gömrükdən də var, vergidən də var. Bu qurumların birləçdirilməsi vahid nəzarətin həyata keçirilməsi üçün daha üstündür. Belə ki, həm xərcləri azaldacaq və gəlirləri artıra bilər.

XS
SM
MD
LG