İyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında president İlham Əliyev bildirib ki, bəzi hallarda torpaqlar zəbt edilib.
“Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər”, prezident qeyd edib.
İqtisadçı ekspert Rövşən Ağayev facebook səhifəsində zəbt olunan və ya qanunsuz istifadə olunan torpaq sahələri ilə bağlı rəsmi rəqəmlərə isatinadən şərh dərc edib. Ağayevin şərhini təqdim edirik:
Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə kənd təsərrüfatına yararlı torpaqların istifadəsi ilə bağlı bəzi məlumatlar açıqlayıb. Məlum olub ki, ölkə üzrə mövcud olan 1.8 mln. hektar əkin sahəsinin 198 min hektarı (11.3 faizi) istifadə edilmir.
Komitənin yaydığı məlumatlardan aydın olur ki, 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanası, 6 min hektarda isə 222 qanunsuz balıq gölü yaradılıb.
Məlumat üçün deyim ki, hələ 2008-2009-cu illərdə bir qrup ekspertlə torpaqların hərrac və müsabiqələr vasitəilə istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə bağlı regionlarda monitorinq apardıq. Bələdiyyə torpaqları üçün oz zamankı Torpaq Komitəsinin təşkil etdiyi hərrac və müsabiqələrin tamamilə formal olduğu, torpaqları əvvəlcədən müəyyən etdikləri şəxslərə ötürüldüyü aşkar bilinirdi.
O da məlum oldu ki, dövlət torpaqları ilə bağlı ümumiyyətlə hərrac və müsabiqələr keçirilimir - baxmayaraq ki, qanunvericlik dövlət torpaqlarının da məhz hərrac və müsabiqələr vasitəsilə verilməsini tələb edir. Sözün əsl mənasında özbaşınalıq. Dəfələrlə təklif etdik ki, bu məsələdə şəffaf siyahılar olsun - bütün bələdiyyələrin və icra hakimiyyətlərinin qarşısında ictimai torpaqların kimlərə, hansı müddətə verildiyi, hər hektarın icarə haqqı göstərilməklə xüsusi lövhələrdə asılsın. Bələdiyyələrdən fərqli olaraq icra hakimiyyətlərinin saytı da var, hətta dövlət torpaqları ilə bağlı məlumatları orda da təfsilatlı yerləşdirmək olar.
Amma bu təklif 3.5 milyon hektar kənd təsərrüfatına yararlı dövlət torpağını şəxsi mülkiyyəti kimi istifadə edən bir ovuc səlahiyyət sahibinə sərf etmir.
Komitə açıqlayıb ki, 20 minə yaxın torpaq icarəçisinin istifadəsində 1.2 mln. hektar torpaq sahəsi var. Söhbət əlbəttə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqdan gedir. Bir daha diqqət edin: 20 min insan 1.2 milyon ha torpağı əlində cəmləyib.
Amma 800 mindən artıq xırda və orta özəl mülkiyyətçinin əlində cəmi 1.4 milyon hektar torpaq var.
Öz araşdırmalarım əsasında deyə bilərəm ki, ömrünü torpağa bağlamış fermerlər əllərindəki 1-2 ha torpaqdan savayı heç nəyə sahib deyillər. Onlar istəsələr də dövlət və bələdiyyə mülkiyyətində olan 3.5 milyon ha torpaq fondundan istifadə üçün torpaq götürsünlər, çox müşkül məsələdi. Səbəb həmin torpaqlar üzərində icra başçılarının hakimi-mütləq olmasıdır, hərrac və müsabiqələrin keçirilməməsi və ya bu prosesin tamamilə formal olmasıdır.
Çıxış yolu kötək və dəyənək deyil, islahatlardır. Ölkədə əks mərkəzləşmə islahatarına start verilməli, rayon və kəndlərdə əsas idarəetmə bir şəxsin qarşısında məsuliyyət daşıyan təyinatlı qurumların deyil, bir kəndin, 1 rayonun icması qarşısında hesabat verən seçkili institutların əlində olmalıdır.