Accessibility links

Avropa Şurasının baş katibi İnsan Haqları üzrə işçi qrupla görüşüb


Avropa Şurasının baş katibi Torbyörn Yaqland Bakıda görüş keçirir (Foto Emin Hüseynovun Facebook səhifəsindən götürülüb)
Avropa Şurasının baş katibi Torbyörn Yaqland Bakıda görüş keçirir (Foto Emin Hüseynovun Facebook səhifəsindən götürülüb)

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupun fəaliyyətini diqqətlə izləyir. Bu barədə aprelin 9-da işçi qrupun üzvləri ilə görüşdə Avropa Şurasının siyasi məsələlər üzrə direktorluğunun rəhbəri Aleksandr Gessel bildirib.

Rəsmi məlumata əsasən, Gessel işçi qrupun müzakirə etdiyi məsələlərin “xüsusi aktuallığını” qeyd edib və AŞ-ın işçi qrupa hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Öz növbəsində, işçi qrupun həmsədri, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov komissiya ilə əvf məsələləri üzrə qarşılıqlı fəaliyyətdən bəhs edib. Bu əməkdaşlıq nəticəsində yarım ildə Azərbaycan prezidenti 15 nəfəri əvf edib, deyə o bildirib.

İşçi qrupun üzvü, Azərbaycan Milli Helsinki Komitəsinin sədri Arzu Abdullayeva Amerikanın Səsinə bildirib ki, görüşdə siyasi məhbusların azad edilməsi məsələləri diqqət mərkəzində olub. Hüquq müdafiəçiləri yenidən NİDA fəallarının, İlqar Məmmədovun, İntiqam Əliyevin, Hilal Məmmədovun və digər siyasi məhbusların azad edilməsi məsələsini qaldırıblar.

Abdullayevanın sözlərinə görə, hakimiyyət nümayəndələri bildiriblər ki, mayın sonlarında yeni əvf fərmanı verilə bilər.

Hüquq müdafiəçiləri həmçinin işçi qrupun iclasının reqlamenti və iclasların müntəzəmliyi məsələsini qaldırıblar.

İşçi qrupda 30 siyasi məhbusun işi ilə yanaşı, müxtəlif islamçı qrupların, ümumilikdə 90 nəfərə yaxın məhbusun işləri müzakirə olunur.

Azərbaycanda hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə insan hüquqları üzrə birgə işçi qrup AŞ baş katibi Yaqlandın təşəbbüsü ilə 2014-cü ilin oktyabrında Azərbaycanda siyasi məhbuslar probleminin həllinə yardım məqsədilə yaradılıb.

XS
SM
MD
LG