İranda türk dilində yayılan ilk hip-hop mahnılarının ifaçısı kimi tanınan Toratan ləqəbli Ramin Vüqarlı Amerikanın Səsi ilə söhbətdə öz musiqi fəaliyyəti və İran Azərbaycanında rep və ya hip-hop musiqisinin durumu haqqında danışıb.
“Bu sahədə fəaliyyətə başlamaqla əsas hədəfim Güney Azərbaycan gənclərinin hip-hop mahnılarını ilk öncə öz dilimizdə eşitmələri üçün imkan yaratmaq idi,” deyə söyləyən Toratan “Burası Salmas” və “Məşədi İbad” adlı ilk mahnılarını 14 yaşında ikən hazırlayıb yaydığını söyləyir.
“O zamanlar bizim Salmas şəhərində imkan çox az idi, studiya yoxuydu. Mahnıları qeyd etmək üçün şəxsi kompüterimdə olan proqramdan istifadə edirdim... İlk işlərim “Burası Salmas" və "Məşədi İbad" mahnılarını bu şəkildə hazırlayıb yaydım. Sonralar Urmiyəyə köçdüm, orada studiyalar var idi...”
İranda rep musiqisi qadağadır, üstəlik mahnılar türkcə olanda daha çox basqı olur... Sadəcə həyatımı yaşamaq istəsəydim içəridə qala bilərdim, amma fəaliyyətimi davam etmək üçün ölkəni tərk etdim.Toratan
Hazırda Azərbaycan Respublikasında mühacirətdə yaşayan Ramin Vüqarlı 2004-cü ildən 2007-ci ilədək güneydə ifa etdiyi mahnıları kaset vasitəsi ilə yaydığını söyləyir. Reperin mahnıları daha sonra internet kanallarında da yayımlanmağa başlayıb.
Toratan güneydə yaşadığı dövrdə konsert vermək üçün Türkiyə və Azərbaycan Respublikasına səfər edib. Amma gənc müğənni ölkəyə qayıdandan sonra basqılarla üzləşdiyini deyir.
“Ankara və Bakıda konsertlər verdim, TRT Avaz kanalında çıxışım oldu... Qayıdandan sonra məhdudiyyətlərlə üzləşdim və bir müddət də gizli yaşadım,” deyə o qeyd edir.
O, sənət fəaliyyətlərini davam etdirə bilmək məqsədilə İranı tərk edib Azərbaycan Respublikasına köçdüyünü vurğulayır.
“İranda rep musiqisi qadağandır, üstəlik mahnılar türkcə olanda daha çox basqı olur... Sadəcə həyatımı yaşamaq istəsəydim içəridə qala bilərdim, amma fəaliyyətimi davam etmək üçün ölkəni tərk etdim,” deyə müğənni dilə gətirir.
Toratan Azərbaycan Respublikasına köçəndən sonra bir müddət musiqi fəaliyyətlərinə davam edərək bakılı reperlərlə birgə layihələr təşkil edib. Amma, hazırda bəzi problemlərə görə fəaliyyətlərinə ara verdiyini deyir.
“Burada biraz şəxsi problemlərim oldu. Çünki, Bakıda durum hər baxımdan ağırdı. Maddi-mənəvi baxımdan durum çox ağırdı. Biraz da düşündüklərimin əksini gördüm, yəni elə ki düşünürdüm milli fəallarla bağlı, tam əksini gördüm,” deyə güneyli reper əlavə edir.
Ramin Vüqarlının ləqəb olaraq seçdiyi Toratan sözü güneyin bəzi bölgələrində hörümcək anlamında işlədilər.