Accessibility links

Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq


Tofiq Yaqublu
Tofiq Yaqublu

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyasının funksioneri Tofiq Yaqubluya 3 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhər Nizami rayon Məhkəməsinin 23 mart tarixli qərarından verilmiş apellyasiya şikayətinə aprelin 16-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi ilə Yasamal Rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı etaplar dayandırıdığından Tofiq Yaqublu məhkəmə iclasında onlayn (videogörüntü ilə) iştirak edəcək.

Məhkəmə iclası qapalı keçiriləcək.

Tofiq Yaqublu martın 22-də saxlanılıb və martın 23-də Bakının Nizami rayon Məhkəməsi onun barəsində təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Tofiq Yaqublu avtomobili vurulduqdan sonra fotosunu çəkir (Foto Nigar Həzinin faceebook səhifəsindəndir )
Tofiq Yaqublu avtomobili vurulduqdan sonra fotosunu çəkir (Foto Nigar Həzinin faceebook səhifəsindəndir )

Daxili İşlər Nazirliynin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi avtomobil Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.

Ailə üzvləri isə bildirib ki, Tofiq Yaqublunun avtomobilini dayanıqlı vəziyyətdə başqa bir avtomobil vurub. Bu zaman avtomobili vuran şəxs Tofiq Yaqubluya hücum edib. Tofiq Yaqublu avtomobilinin qapılarını bağlayaraq hücumdan yayına bilib.

Tofiq Yaqublunun qızı Nigar Həzi Facebook səhifəsində Yaqublunun avtomobilinin başqa avtomobil tərəfindən vurulmuş vəziyyətdə fotosunu yayıb. Fotoda Tofiq Yaqublunun avtomobili yolun kənarında parklanmış vəziyyətdədir.

"Mən maşın vurulan andan polis gələnə kimi maşından düşməmişəm. Təxribat olduğunu tez anladım deye. Həm də maşından düşməyə imkan da yox idi. Çünki jiquli sürücü tərəfindən maşını vurduğuna görə qapını açmaq belə mümkün deyildi," Tofiq Yaqublunun qızı Nigar Həzi atasının dediklərinə istinadən bildirib.

Yaqublunun həbsi prezident İlham Əliyevin Novruz bayramı təbriki zamanı müxlaıfətə qarşı sərt tənqidi firkilərindən sonraya təsadüf edir. Çoxsaylı ictimia-siyasi təşkilatlar, ziyalılar, ictimaiyyət nümayəndələri, həmçinin Amnesty İnternational beynəlxalq hüquq müdaqfiə təşkilatı müxalifət funksionerinin həbsinin siyasi sifariş hesab edir və Yaqublunun dərhal azadlığa buraxılması tələbi ilə bəyanatlarla çıxış edib.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar hökuməti Azərbaycanda müxalifət lideri Tofiq Yaqublunun həbsindən və ona qarşı ittihamlardan narahatdır.

“Biz həbslə bağlı baş verənləri yaxından izləyirik və öz naharatlığımızı Azərbaycan hökumətinə çatdırmışıq. Biz Azərbaycan rəsmilərini cənab Yaqublunu və öz fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırırıq,” sözçü bildirib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərrbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir bildirib ki, onun eşitdiklərinin hamısı Yaqubluya qarşı ittihamların uydurma olduğunu və onun yenidən siyasi məhbus olduğuna işarə edir.

“Belə görünür ki, Azərbaycan höküməti yeni razılaşdırılmış siyasi repressiya dalğası başladıb," Sunna Evarstdottir bunu ölkənin Avropa Şurasındakı gələcəyi üçün yaxşı hal olmadığını söyləyib.

AŞPA-nin Azərbaycan üzrə həmməruzəçilər Sör Rocer Geyl və Stefan Şennak isə deyib ki, Azərbaycan hökümətinin rüsvayçı şəkildə koronavirus pandemiyasından ölkədə təzyiqlərə üzləşən siyasi müxalifətə qarşı yenidən təqiblər aparmaq üçün sui-istifadə etməsi onları dəhşətə gətirir.

“Hər hansı dövlət başçısının ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyətdən hakimiyyətini gücləndirmək üçün sui-istifadə etməsi inanılmazdır," Sör Rocer Geyl deyib.

Azərbaycan beynəlxalq təşkilatların tənqidlərini qəbul etmir və qərəzli sayır. Azərbaycan hökumətinin aprelin 14-də keçirlən müşavirəsində isə prezident İlham Əliyev AŞPA-nin və Azərbaycan üzrə məruzəçilərin ünvanına kəskin tənqidi ifadələr işlədib.

“Bizə qarşı o təşkilatdan (AŞPA-red) gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb,” Əliyev qeyd edib.

XS
SM
MD
LG