Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində istintaq müddəti daha iki ay - avqustun 22-nə qədər uzadılıb.
Bu barədə iyunun 19-da Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədov qərar qəbul edib.
Məhkəmə Nizami rayonunun prokuroru Pərviz İbayevin bu barədə təqdimatını təmin edib.
Müstəntiq və prokuror istintaqın yekunlaşmadığını, Yaqublunun bu müddətdə həbsdə saxlanmasını zəruri saydığını iddia edib.
Təqdimata baxılarkən Tofiq Yaqublu da məhkəmə də iştirak edib.
Müsavat Partiyasının və Milli Şuranın üzvü bir daha özünü təqsirli bilmədiyini deyib. Bildirib ki, onun avtomobilində görüntüləri qeydə alan videokamera vardı. Əgər istintaq obyektiv aparılsaydı, həmin kameranın yaddaşındakı görüntülər ortaya qoyular, iddia olunan avtmobil qəzasının baş verib-vermədiyi, kimin kimə xəsarət yetirdiyi sübuta yetirilərdi. Yaqublu kimsəyə xəsarət yetirmədiyini, əksinə özünün hücuma, təhqirə məruz qaldığını bildirib.
Tofiq Yaqublunun vəkili Aqil Layıcov deyib ki, bu işdə müdafiə etdiyi şəxsin haqqında həbs-qətimkan tədbirinin seçilməsi və müddətin uzadılması üçün əsas yoxdur.
Tofiq Yaqublunun qızı Nigar Həzi də atasının siyasi fəaliyyətinə və tənqidi fikirlərinə görə sifarişlə həbs olunduğunu qeyd edərək bu səbəbdən məhkəmədən ədalətli qərar gözləmədiyini bildirib.
O, Tofiq Yaqublunun astma xəstəliyindən əziyyət çəkdiyini qeyd edərək, koronavirusun kəskin yayıldığı bir vaxtda onun həyatına təhlükə yarandığını deyib.
Rəsmi məlumat
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi avtomobil Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.
“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.
Tofiq Yaqublu ittihamları rədd edir
Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.
Yaqublu məhkəmədə deyib ki, həbsi Facebook-da yazdığı statuslar və Amerikanın Səsinə verdiyi müsahibə ilə bağlıdır.
Onun həbsi prezident İlham Əliyevin müxalifətin ünvanına söylədiyi tənqiddən bir neçə gün sonraya təsadüf edir.
Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaş yaratmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb). O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında da 30 sutkalıq inzibati həbs olunmuşdu. Bu həbs zamanı Tofiq Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi. Daxili İşlər Nazirliyi isə işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.