Accessibility links

Toğrul Vəliyev: Yaxın aylarda xarici valyutaya tələbat artımı gözlənilmir


İqtisadçı ekspert Toğrul Vəliyev Amerikanın Səsinə müsahibəsində ölkədə maliyyə bazarında durum, valyutaya təlabat və problemlərdən danışıb.

Amerikanın Səsi: Son vaxtlar Azərbaycanda valyuta hərraclarında xarici valyutaya tələbat artmaqda davam edir. Bu nə ilə əlaqədardır?

Toğrul Vəliyev: Qeyd etmək lazımdır ki, son vaxtlar deyəndə biz sonuncu ayı nəzərdə tuturuq. Mərkəzi Bankın məlumatına görə, 463 milyon dollar satılıb. Bu keçən ilin iyun ayı ilə müqayisədə 38 faiz artım deməkdir. Amma burada bir neçə amili nəzərə almaq lazımdır. Mərkəzi Bank da iyunun əvvəlində qeyd edib ki, keçən aylar valyuta satışı bəzi aylarda kifayət qədər az olub. Misal üçün, mart ayı ilə müqayisə eləsək görə bilərik ki, keçən il eyni dövr ilə müqayisədə az satış olub. Bu da bir problem yaşadır. Hətta may ayında Mərkəzi Bank özü məcbur olub 93 milyon dollar alışı həyata keçirsin. Nəyə görə problemdir? Bizdə valyutanı satan Dövlət Neft Fondudur. Dövlət Neft Fondu valyutanı elə-belə satmır. Yəni, o, öhdəliklərini yerinə yetirir. Onun da öhdəliyi dövlət büdcəsi qarşısındadır. Birinci yarım il ərzində onun müəyyən qədər öhdəlikləri var. Bu öhdəlikləri yerinə yetirməlidir. Yerinə yetirmək üçün valyutanı satmalıdır. Əgər kifayət qədər satmasa dövlət büdcəsindən kifayət qədər köçürmə edə bilməyəcək. Bəllidir ki, iyun ayının sonunda kifayət qədər valyuta satışı həyata keçirməlidir ki, planı tamamilə yerinə yetirsin. Məhz bu amillə ciddi təsir edə bilər. Eyni zamanda, əlbəttə ki, iyun ayında bizdə beynəlxalq tədbirlər keçirilib. Onlar müəyyən qədər qısamüddətli bəzi mallara təlabatı bir qədər artırır. Nəticədə dollara cüzi də olsa təsir edə bilir.

Amerikanın Səsi: Eyni zamanda banklar əhalidən valyutanın alış məzənnəsini azaldıb. Bu təzadı nə ilə izah edərdiniz?

Toğrul Vəliyev: Bu daha çox onunla bağlıdır ki, bizdə indi bazarda bir az qeyri-müəyyən vəziyyətdir. Özünüz də bilirsiniz ki, bununla bağlı məhdudiyyət var. Dolların alışı ilə bağlı məhdudiyyət var. Kifayət qədər insan o məhdudiyyət çərçivəsində dollar alış-verişini edib. Artıq almağa imkanı yoxdur. Eyni zamanda bizdə iqtisadi aktivlik də çox yüksək deyil. Faktiki olaraq bəzi banklar aşağı salırlar məzənnəni. Çünki tələbat yüksək deyil. Və onlara daha çox digər əməliyyatlara tələbat yüksəkdir. Ona görə də burada birbaşa tendensiya görmək düzgün olmazdı. Çünki onsuz da indiki məqamda bizdə valyuta tələbatı çox aşağıdır. İqtisadi aktivlik aşağı olduğu üçün. Ona görə mən burada birbaşa tendensiya görmürəm. Sadəcə olaraq bu halda az həcmdə alış-veriş edənlərə zərər dəyə bilər.

Amerikanın Səsi: Yaxın aylarda xarici valyutaya tələbat daha da arta bilərmi? Postpandemiya dövründə bu sahədə durum necə ola bilər?

Toğrul Vəliyev: İqtisadi aktivlik artsaydı biz bunu deyə bilərdik. Amma iqtisadi aktivliyin artması üçün heç bir səbəb yoxdur. İqtisadi aktivlik sabit olaraq qala bilər. İnanmıram ki, bu yaxın aylarda ciddi bir dəyişiklik baş versin. Ciddi bir dəyişiklik nə deməkdir? Ya ölkəyə çox sayda turist gəlsin, ya da ölkə birdən-birə idxal eləməyə başlasın. İndiki idxal həcmləri bizdə daha çox zəruri ehtiyac malları ilə bağlıdır. İdxalın artmasına əngəllərdən biri əhalinin gəlirləridir. Əhalinin gəlirləri hələ də artmayıb. Nəticə etibarı ilə ciddi bir artım burada müşahidə etmək çətin olacaq. Ən yaxşı halda burada infliyasiya məsələsi ola bilər. Yəni qiymət artımı. Amma yenə, o da valyuta tələbatını artırmayacaq. Bu yaxın 3 ayda iqtisadi aktivliyin artmasını gözləmək düzgün olmazdı. Yalnız sentyabr, ondan sonrakı dövrdə bəlkə də valyuta tələbatı ciddi surətdə arta bilər. Əgər yenidən bütün münasibətlər bərpa olunsa. İndiki məqamda bir çox hallarda ölkədən çıxış da yoxdur. Yəni valyuta tələbatının bir hissəsi yay ayında xaricə istirahətə gedən insanlardı. Xaricə istirahətə gedən insanların sayı ciddi olaraq azalıb. Ona görə də indiki yayda valyuta aktivliyi gözləmək olmaz.

Amerikanın Səsi: Azərbaycanda valyuta bazarında qoyulmuş məhdudiyyətlər ölkədə iqtisadi fəallığa təsir göstərirmi?

Toğrul Vəliyev: Bəli ,göstərir. Azərbaycanda valyuta tələbatı iki istiqamət üzrə olur. Ya idxalın maliyyələşdirilməsi, orada problem yoxdur. Ya yığım məsələsi. Burada yalnz bir cəhətdən təsir var ki, yığım məsələsində insanlar daha çox məcburdurlar ya manata inanmaq, ya da necəsə tənzimləmək, yatırmaq və s. Bir tərəfi var ki, Mərkəzi Bankın ümumiyyətlə maliyyə qurumlarının məqsədi odur ki, insanlar daha çox manatla yatırım yatırsınlar ki, valyuta əldə etməsinlər. Məntiqli olaraq o zaman alış-verişi artmalıdır. Digər istiqamətlərdə xərclər artmalıdır. Amma bu, baş vermir. Reallıqda əgər bizdə iqtisadi aktivlik bərpa olunsaydı pandemiyadan əvvəlki dövrə bərpa olunsaydı bu ciddi problem yaşadacaqdı.

XS
SM
MD
LG