Time jurnalı prezident seçilmiş Donald Trampı ilin adamı elan edərək, onun 2016-cı il boyu hadisələrə “mənfi, ya da müsbət mənada” təsir göstərdiyini qeyd edib.
İlin adamı elan edildikdən bir qədər sonra NBC tele kanalının Today proqramına müsahibə verən Tramp bunu “böyük şərəf” adlandırıb.
“Bu, olduqca mühüm bir jurnaldır və mənim bəxtim gətirib ki, bu il onun üz qabığında dəfələrlə şəklim yerləşdirilib”,-deyə Tramp bildirib.
Bu, olduqca mühüm bir jurnaldır və mənim bəxtim gətirib ki, bu il onun üz qabığında dəfələrlə şəklim yerləşdirilib.Donald Tramp
Donald Tramp “Vaşinqtonda bataqlığı qurudacağı” və hökumət tərəfindən ədalətsiz münasibətlə qarşılaşmış şəxslərə dəyişiklik vədi ilə apardığı kampaniyadan sonra keçən ay ABŞ prezident seçkilərində qələbə çalıb.
Time jurnalının baş redaktoru Nensi Gibbs yazdığı məqalədə qeyd edib ki, “Trampın siyasi arenada yaratdığı həyəcanın miqyasını müəyyən etmək çətindir.” O eyni zamanda oxucuların nəzərinə bir daha çatdırıb ki, İlin Adamı kateqoriyasında seçim bu və ya digər şəxsin xəbərlərə göstərdiyi təsirə əsasən edilir.
“Amerikaya demaqoqluğun ümidsizlikdən qidalandığını və həqiqətin gücünün onu deyənlərə etibarla ölçüldüyünü xatırlatdığına, gizli elektoratı onun narazılığı və qorxularına üz tutaraq mobilizə edə bildiyinə, gələcəyin siyasi landşaftını keçmişin siyasi mədəniyyətini dağıtmaqla formalaşdırdığı üçün Time jurnalı Donald Trampı 2016-cı ilin adamı adlandırır”,-deyə o yazıb
Tramp İlin adamı kateqoriyasında son 10 finalist arasından seçilib. Digər namizədlər arasında Trampın seçkidə rəqibi Hillari Klinton, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Facebook sosial şəbəkəsinin icraçı direktoru Mark Zukerberq, müğənni Beyonsi və başqaları olub.
Keçən il Time jurnalı Almaniya kansleri Angela Merkeli İlin adamı göstərmişdi.