Accessibility links

Dövlət katibi Tillerson Avropa səfərinə başlayır


ABŞ dövlət katibi Reks Tillerson
ABŞ dövlət katibi Reks Tillerson

ABŞ dövlət katibi Reks Tillerson yanvarın 21-də Avropaya bir həftəlik səfərə başlayır. Tillersonun səfərinin ilk dayanacağı Londondur. Səfər zamanı Tillerson habelə Parisdə, Varşavada və İsveçrədə Dünya İqtisadi Forumunun keçirildiyi Davosda olacaq.

Adının açıqlanmadığı ABŞ rəsmisinin sözlərinə görə, Tillersonun ABŞ-ın Avropa müttəfiqləri ilə danışıqlarında İran diqqət mərkəzində olacaq.

ABŞ dövlət katibinin səfəri İranla Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan beynəlxalq razılaşmanın taleyi ilə bağlı səhnəarxası müzakirələrin aparıldığı bir vaxta təsadüf edir.

"Bildiyiniz kimi, biz xüsusilə də Britaniya və Fransa ilə razılaşmadakı bu boşluqları aradan qaldırmaq və İranın regionda ziyanlı nüfuzunun qarşını almaq səylərində yaxından koordinasiyanı vurğulayırıq. Buna görə də mənim fikrimcə, bu, danışıqlarda əsas prioritet olacaq”, ABŞ Dövlət Departamentinin rəsmisi müxbirlərə bildirib.

Bu ayın əvvəli ABŞ prezidenti Donald Tramp 2015-ci ildə onun sələfi olan Barak Obamanın hakimiyyəti dövrü İranla imzalanmış razılaşmadakı onun dediyi kimi, “fəlakətli çatışmazlıqları” düzəltmək üçün Avropa müttəfiqləri və Konqreslə işləmək istədiyini bildirib.

Tramp xəbərdarlıq edib ki, sənəd dörd ay müddətində gücləndirilməsə, Vaşinqton razılaşmadan çıxa bilər.

Dövlət katibi Tillersonun İran, Suriya, Liviya, Şimali Koreya və Ukrayna məsələləri ətrafında əməkdaşlığı müzakirə etmək üçün Londonda Britaniyanın xarici işlər naziri Boris Conson və milli təhlükəsizlik məsələləri üzrə müşavir Mark Sedvillə görüşləri planlaşdırılıb.

Tillerson yanvarın 23-də Parisdə eyni məsələləri müzakirə etmək üçün Fransanın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcək. Bundan sonra o, Davosda illik iqtisadi forumda prezident kimi ilk dəfə iştirak edəcək Trampı müşayiət edəcək.

Yanvarın 26-da Tillerson təhlükəsizlik və iqtisadi məsələləri ölkə rəsmilərilə müzakirə etmək üçün Polşaya səfər edəcək.

ABŞ rəsmisinin sözlərinə görə, Tillerson ABŞ-ın Polşada hərbi mövcudluğu məsələsini müzakirə edəcək. Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal etməsi və Ukraynanın şərqində silahlı separatçılara dəstək verməsindən sonra ABŞ-ın və digər müttəfiq ölkələrin qüvvələri Polşada yerləşdirilib.

XS
SM
MD
LG