Accessibility links

Təhlil: Suriyada üsyançılar güclənir


Təhlil: Suriyada üsyançılar güclənir
Təhlil: Suriyada üsyançılar güclənir

Üsyançıların Dəməşq yaxınlığında hücum əməliyyatları keçirməsi prezident Bəşar əl-Əsədin tədricən təkləndiyini göstərir. Bir tərəfdən beynəlxalq təzyiqlər, o biri tərəfdən silahlanmış müxalifətlə üzləşən Əsədin hakimiyyətdə qalacağına inam müşahidəçilər arasında da azalmağa başlayıb.

“Rejim qalib gələ bilməz, yalnız konflikti uzada bilər,” Karnegi Fondunun təhlilçisi Yezid Sayiğ yazır. Onun sözlərinə görə Azad Suriya Ordusu hələlik böyük ərazilərə nəzarət etməsə də onun sıraları gün-gündən genişlənir. Onlar üçün hökumət əleyhinə reydlər keçirmək daha asan və daha effektivdir. Vaxt keçdikcə bu hücumlar öz təsirlərini göstərir.

Siyasi momentum da üsyançıların tərəfindədir. Əhalisinin əksəriyyətini sünnilər təşkil edən Suriyada Bəşar əl-Əsəd daha çox doğma təriqətinə mənsub olan azlıqdakı Ələvi şiələrə arxalanır. Suriyanın Respublikaçı Qvardiyası və Dördüncü Zirehli Briqada şiələrin əlindədir, və Əsəd repressiya aparatı kimi əsasən bu qüvvələrdən istifadə edir. Amma ordunun böyük əksəriyyəti müxalifətə rəğbətlə yanaşır və indiyədək on minlərlə əsgər qarşı tərəfə keçib.

“Əsəd təkləndikcə daha da qəddarlaşır. Onun müşavirləri ona deyirlər ki, udurlar. Onlar fantaziya aləmində yaşayırlar,” deyə Qərb diplomatı bildirir. Yanvarın 26-29 arasında üsyançıların Dəməşq civarlarını ələ keçirməsi göstərdi ki, Əsədin ölkəyə hərbi nəzarəti olduqca zəifdir. Üsyan dalğası Hələb və başqa iri şəhərlərə yayıldıqca hökumətin basqılar həyata keçirmək imkanları gərilir.

Londonda qərargahlanan Royal Birləşmiş Xidmətlər İnstitutunun mütəxəssisi Şaşank Coşi hesab edir ki, hökumətə qarşı vuruşan adamların sayı yaxın vaxtlarda xeyli çoxalacaq. “Müxalifət daha çox hücuma keçməyə başlayacaq. Hökumət isə nə qədər çox qüvvəyə əl atmağa çalışsa bir qədər çox adam rejimdən qopacaq,” deyə Şaşank bildirir.

Bir vaxtlar hökumətə qarşı nümayişlər dinc xarakter daşıyanda Əsəd rejimi ölkəyə nəzarət edə bilirdi. Amma o günlər artıq arxada qalıb. Dinc etiraz səsinə güllə ilə cavab verən Əsədin qarşısında indi yeni dissident ordusu dayanır. Çoxluqdan ilham alan bu ordunun sonda qalib çıxacağı isə artıq əksər ekspertlərdə şübhə doğurmur.

XS
SM
MD
LG