Accessibility links

‘The Washington Post’ Azərbaycanda ‘saxta seçki’dən yazır


ABŞ-da mənzillənən “The Washington Post” qəzeti fevralın 25-də “Azərbaycanda səyahət qadağası və saxta seçki” adlı redaksiya məqaləsi dərc edib.

Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev qisasçılıq və repressiyadan istifadə edir. Qəzetin yazdığına görə, hakim elita ölkədən gizli yollarla pul çıxararaq avropalı siyasətçiləri satın alır, dəbdəbəli mallar əldə edir, çirkli pul yuyur. Eyni zamanda ölkədə jurnalistlər və insan haqları fəalları susdurulur. “İndi o, (İlham Əliyev) ailəsinin sərvətini araşdırmış jurnalistlərdən biri -Xədicə İsmayılovanı cəzalandırmaqda davam edir, eyni zamanda saxta parlament seçkisi keçirir”, qəzet yazır.

Jurnalist niyə cəzalandırılır

2014-cü il dekabrın 5-də həbs olunan araşdırmaçı jurnalist Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı ilin mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

Jurnalist 2015-ci ildən sınaq müddətinin 4 ildən çoxunu çəkdiyini bildirir və indi qalan müddətin ləğvini tələb edir.

Qəzet jurnalistin məhz yüksək səviyyədə korrupsiya və qohumbazlığı araşdırdığına görə həbs olunduğunu vurğulayır. 2017-ci ildə ortaya qoyulmuş beynəlxalq araşdırma isə Azərbaycandan 2,9 milyard dolların saxta şirkətlər vasitəsilə çıxarıldığını, həmin puldan azı 3 avropalı siyasətçiyə, rejimə loyal münasibətdə olan jurnalistə verildiyini ifşa etmişdi.

Hakimiyyət təmsilçiləri yüksək eşalonlarda korrupsiyayla bağlı deyilənləri qəbul etmir, ölkədə bu sahədə dövlət səviyyəsində mübarizə aparıldığını deyirlər. Məsələn, “Azərbaycanın pulyuyan maşını” araşdırmasında adı keçən deputat Cavanşir Feyziyev həmin araşdırmanı aparmış Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) icraçı direktoru və həmtəsisçisi Paul Radunu Londonda məhkəməyə verib, onu böhtan atmaqda suçlayır.

“The Washington Post” Azərbaycan Ali Məhkəməsinin “şübhəsiz cənab Əliyevin adından” hərəkət edərək Xədicə İsmayılovaya səyahət qadağasını ləğv etmədiyini yazır. Jurnalist mənimsəməyə görə məhkum edilmiş keçmiş məmurların şərti cəzasının dördcə aydan sonra qaldırıldığını deyib. Ancaq məhkəmə “onun işinin xüsusi olması” qənaətinə gəlib.

“Biz də onun işinin xüsusi olduğunu düşünürük: cəsarətli jurnalist əsl demokratik idealları gerçəkləşdirməyə çalışır, ifadə azadlığına, hüququn aliliyinə azacıq dözümlülüyü olmayan rejimdə güclülərdən hesabat tələb edir”, məqalədə deyilir.

“Avtokratik idarəçilik modeli bir daha...”

“Fevralın 9-da keçirilən parlament seçkisində Əliyevin avtokratik idarəçilik modeli bir daha göstərişə çıxarılmışdı, onun hakim Yeni Azərbaycan Partiyası 125 yerlik müti parlamentdə yerlərinin sayını artırdı. Bu, azad və ədalətli deyildi. ATƏT bildirib ki, ‘məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit əsl rəqabəti əngəlləyib’, ‘real siyasi müzakirələrin olmaması səbəbindən seçicilər mənalı seçimlə təmin olunmayıblar’”, qəzet yazır.

XS
SM
MD
LG