Accessibility links

Azərbaycan Ali Məhkəməsi hüquq müdafiəçisinin cəzasının yüngülləşdirilməsinə baxacaq


Elçin Məmməd
Elçin Məmməd

İyunun 13-də Ali Məhkəmədə hüquq müdafiəçisi Elçin Məmmədin barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə apellyasiya məhkəməsinin keçən ilin dekabrındakı rədd qərarından verilmiş kassasiya şikayətinə baxılacaq. Bu barədə Amerikanın Səsinə Elçin Məmmədin rəhbərlik etdiyi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" QHT-dən bildiriblər.

Məlumata görə, Suraxanı rayon Məhkəməsi Məmmədin hazırda saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsinin verdiyi xasiyyətnaməyə əsasən cəzasını yüngülləşdirməkdən imtina edib.

Cəzaçəkmə müəssisəsinin administrasiyası Məmmədin "islah olmadığını" və "əməlindən peşman olmadığını" bildirib.

“Bu zaman Apellyasiya Məhkəməsi Məmmədin davranış normalarına əməl etdiyini müşahidə etmək üçün müəssisənin müşahidə kameralarının yaddaşındakı görüntülərdən istifadə edilməsi və məhkum yoldaşlarının ifadələrinin alınması haqqında vəsatətini təmin etməyib” - deyə, məlumatda deyilir.

Məmməd kassasiya şikayətində Ali Məhkəmənin Plenumunun 8 oktyabr 2010-cu il tarixli qərarına istinad edib.

Həmin qərarda göstərilir ki, məhkəmələr cəzaçəkmə müəssisələrinin irəli sürülmüş dəlilləri ilə kifayətlənməməlidir.

Hüquq müdafiəçisi apellyasiya şikayətinə onun əsassız yerə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı nüfuzlu beynəlxalq qurumların məhkəmələrə ünvanladığı məktubları da əlavə edib.

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin rəhbəri, "Yüksəliş naminə" saytının redaktoru 2020-ci ilin martında həbs edilib və 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin oğurluq və qanunsuz silah-sursat saxlamaq ittihamı əsasında çıxardığı hökmlə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Amnesty International, PEN, FİACAT və digər beynəlxalq hüquq müdafiə təşkilatları Elçin Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır.

"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin müraciətində deyilir ki, Elçin Məmmədin həbsinin əsl səbəbi onun Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatları, sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları, korrupsiya faktlarını ifşasıdır.

XS
SM
MD
LG