Accessibility links

The Guardian: "Azərbaycanda trol şəbəkəsi yenidən işə başlayıb"


Aprelin 13-də Britaniyada qərargahlanan The Guardian qəzetində dərc olunan məqalədə Facebook-un Azərbaycandakı trol şəbəkəsinə qadağalar tətbiq etməsindən altı ay sonra müstəqil xəbər agentlikləri və müxalif siyasətçiləri hədəf alan və dövlətin dəstəyi ilə aparılan trol kampaniyasının yenidən işə başladığı deyilir.

Qəzetdə bildirilir ki, Facebook-un əməkdaşı Sofi Janqın 2019-cu ilin avqust ayında öz menecerləri və şirkət icraçılarına Azərbaycanda təqib kampaniyasının mövcud olduğu ilə bağlı məlumat verməsindən sonra sosial media şirkəti 14 ay boyunca Azərbaycanın hakim partiyası YAP-ın bir qolunun bu kampaniyanı həyata keçirməsinə imkan verib.

“Facebook Azərbaycan kimi ölkələrlə maraqlanmır. Sizin hesabatınız sosial media platformasının diqqət mərkəzində olmayan və daha az tanınan ölkələrə laqeyd yanaşdığını göstərir.”
Arzu Qeybullayeva

Facebook 2020-ci ilin oktyabr ayında “koordinasiya edilmiş saxta davranış” əleyhinə qaydalarını pozduqlarına görə YAP-la əlaqəsi olan 8,000 Facebook və Instagram hesabı və səhifəsini sildiyini elan edib. Rusiya da 2016-cı ildə ABŞ-da keçirilən seçkiyə müdaxilə etmək üçün bənzər əməliyyatdan istifadə edib.

The Guardian-ın trol əməliyyatının ən əsas hədəfləri üzərində apardığı təhlilin nəticələri trol əmliyyatının bərpa olunduğunu göstərir. Azad Söz müstəqil xəbər agentliyinin Facebook-dakı bir postunun təhlili göstərir ki, 301 şərhin 294-ü istifadəçi hesablarına bənzəmək üçün yaradılan Facebook səhifələrindən yazılıb.

Bu təhlilin nəticəsi onu göstərir ki, Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 168-ci yerdə qərarlaşan Azərbaycanda azad ifadə üçün yeganə məkan olan Facebook-da debatı qapatmasına imkan yaranıb.

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Arzu Qeybullayeva deyib ki, Facebook Azərbaycan kimi ölkələrlə maraqlanmır. "Sizin hesabatınız sosial media platformasının diqqət mərkəzində olmayan və daha az tanınan ölkələrə laqeyd yanaşdığını göstərir,” o, əlavə edib.

Janq Facebook-da saxta hesablardan gələn saxta layk, paylaşım və şərhlərə qarşı mübarizə komandasında çalışarkən trol əməliyyatının üstünü açıb. O, istifadəçi hesablarına bənzər yaradılan minlərlə Facebook səhifəsinin olduğunu və onlardan Azərbaycanda çox az sayda müstəqil xəbər portalı və müxalif siyasətçilərin səhifələrində şərh yazmaq üçün istifadə olunduğunu aşkarlayıb. Şərhlər isə demək olar yalnız həftə içi səhər saat 9-dan axşam saat 6-dək yazılıb.

Trol əməliyyatının hədəfləri arasında Azadlıq qəzeti, Azad Söz, Mikroskop Media, Azadlıq Radiosu kimi xəbər portalları, habelə siyasi müxalifət, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimli yer alıb.

Əli Kərimli deyir ki, dövlət rəsmiləri trol fabriki ideyasını Rusiyadan kopiyalayıblar. O, rejimin təxminən 10,000 tam-ştatlı trol işə aldığını bildirib. Onlar Bakıda yaşayır və YAP-ın gənclik qolunda, habelə Daxili İşlər Nazirliyi və dövlətin maliyyətləşdirdiyi QHT-lərin daxilində fəaliyyət götərir.

YAP məsulları The Guardian qəzetinin sorğularına cavab verməyib.

Avtokratlar hakimiyyətlərini qoruyub saxlamaq üçün insanların həqiqətən də onları dəstəklədiklərinə dair təsəvür yaratmalıdırlar. Sosial media zəmanəsində layklar, şərhər və paylaşımlar və başqa bənzər rəqəmlər onların rəqiblərinə insanların onları dəstəklədiyini göstərmələrinin yoludur.

Regionda texnologiya və müxalifəti araşdıran bir tədqiqatçı deyib ki, hakim partiyanı tərifləyən, müxalifəti isə pisləyən şərhlər yazmaq üçün trollardan istifadə etmək “avtoritaritarizmin sosial alətlərindən biridir.”

“Avtokratlar hakimiyyətlərini qoruyub saxlamaq üçün insanların həqiqətən də onları dəstəklədiklərinə dair təsəvür yaratmalıdırlar. Sosial media zəmanəsində layklar, şərhər və paylaşımlar və başqa bənzər rəqəmlər onların rəqiblərinə insanların onları dəstəklədiyini göstərmələrinin yoludur.”

Facebook-da Janq həyəcan təbili çalıb və müxtəlif menecerlər, icraçılar və Facebook-un təhlükə kəşfiyyatı komandasına məlumat göndərib və dəfələrlə onlardan məsələ ilə bağlı cavab almağa çalışıb. Facebook nəhayət 2019-cu ilin dekabr ayında məsələni araşdırmaq üçün təhqiqatçı təyin edib və həmin təhqiqatçı 2020-ci ilin fevral ayında trol şəbəkəsinin YAP-dakı rəsmilərlə əlaqəsinin olduğunu müyyən edib.

Avroritar rejimin müxalifəti təqib etmək üçün Facebook-un qaydalarını pozduğuna dair dəlillərin olmasına baxmayaraq, Facebook 2020-ci ilin martında təhqiqatı dayandırıb və daha sonra Janqın şirkət daxilində şikayətlərinin ardınca avqustda araşdırmanı yenidən bərpa edib.

Facebook 8000 Facebook və Instagram hesabı və səhifəsini bağladığını elan etdiyi zaman Azərbaycan Ermənsitanla Dağlıq Qarabağ üzərində müharibə aparırdı.

Korrupsiya hallarını üzə çıxardığına görə iki il müddətinə həbs olunan bloger Mehman Hüseynov deyir ki, trolar hədəflərinin zaman və enerjilərini alırlar və tez-tez Facebok-da saxta şikayətlər edirlər ki, bu da jurnalist və ya blogerlərin sosial media hesablarının dondurulması ilə nəticələnir.

"Biz onlarla mübarzə apara bilmərik. Edə biləcəyimiz yeganə şey bloklamaqdır…. O da çox vaxt alır,” o, deyib.

Mehman Hüseynov və başqa müxalif bloger və fəalların dediyinə görə, əsas çətinliklədən biri odur ki, Facebook bütün alətləri və təlimatları Azərbaycan dilinə tərcümə etməyib və bu da təqibləri şikayət etmək və ya dondurulmuş hesablara çıxışı bərpa etməyi çətinləşdirir.

The Guardian-da bildirilir ki, Facebook-un məsələyə ləng cavabının səbəblərindən biri təsisatın mahiyyətindən irəli gəlir. "Şirkətin böyük işçi qüvvəsində dünya boyu ölkələrdə siyasi konteksi anlamaqda mütəxəssiləşən ekspertlər, habelə hökumət rəsmiləri ilə əlaqə saxlayan siyasət komandası var. Amma Azərbaycan boşluğa düşüb. Belə ki, nə Şərqi Avropa nə də Yaxın Şərq üzrə siyasət komandası Azərbaycanı öhdəliyinə almayıb. Bundan əlavə, əməliyyat komdansında heç kəs Azərbaycan dilində danışmırdı," məqalədə deyilir.

Qəzet bildirir ki, Azərbaycanda dövlətin dəstəklədiyi trol fabrikinin mövcudluğu 2014-cü ildə ingilis dilində dərc olunan bir tədqiqatda, 2018-ci ildə isə ABŞ-da qərargahlanan Gələcək üçün İnstitutunun hesabatında qeyd olunub.

"Azərbaycandakı repressiyanın dərəcəsi o səviyyədədir ki, Facebook-un rejimin qaydaları pozmasına nəzarət etməməsi böyük zərərlərə səbəb olub, çünki Facebook Azərbaycanda internet istifadəçilərinin çıxışı olduğu və özlərini ifadə edə biləcəkləri yeganə vasitədir."

XS
SM
MD
LG