Avropa İttifaqı Gürcüstanın inteqrasiya prosesini dayandırıb. Bu barədə Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə keçirilən konfransda bildirib. Bu, ölkədə genişmiqyaslı etirazlara baxmayaraq, Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra baş verib.
Qerçinskinin sözlərinə görə, Aİ 2024-cü il üçün Gürcüstan hökumətinə 30 milyon avronun ayrılmasını da dondurub. “Və bu, yalnız ilk addımdır, Gürcüstan hökumətinə başqa yardımlar azalacaq və biz bu birbaşa yardımı vətəndaş cəmiyyətinə və mediaya yönəltməyə çalışacağıq" - deyə, “Exo Kafkaza“ onun sözlərini sitat gətirir.
“Gürcüstana gəlincə, onun Aİ-nin növbəti genişlənmə dalğasının bir hissəsi olub-olmayacağı hələ də bəlli deyil. Mən ürəkdən ümid edirəm ki, belə olacaq və oktyabr seçkilərindən sonra biz işimizi bərpa edəcəyik və Gürcüstanın Aİ-nin gələcək genişlənməsinin bir hissəsinə çevrilməsinə nail olacağıq“ – deyə, Aİ-nin Gürcüstandakı səfiri qeyd edib.
“Xarici təsirin şəffaflığı haqqında” qanun və ya Gürcüstanda onun əleyhdarlarının “Rusiya qanunu” adlandırdığı qanun xarici təsirin aparıcıları olan təşkilatların reyestrinin yaradılmasını nəzərdə tutur ki, burada illik büdcəsinin ən az 20 faizi xarici mənbələrdən maliyyələşən bütün QHT və KİV qeydiyyatdan keçməyə məcbur olacaq.
Mayın sonunda Gürcüstan parlamenti prezidentin vetosunu aşaraq qanunu qəbul edib, iyunun 3-də isə sənədi parlamentin spikeri Şalva Papuaşvili imzalayıb. Qanunun müzakirəsi və qəbulu Tbilisidə kütləvi etiraz aksiyaları ilə müşayiət olunub, aksiya zamanı onlarla fəal saxlanılıb.
ABŞ qanunun qəbulunda iştirak edənlərə qarşı viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb. Xəbər verildiyi kimi, viza məhdudiyyətlərinin ilk siyahısına hakim “Gürcü arzusu” partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və Gürcüstanın sadə vətəndaşları daxil olacaq. Məhdudiyyətlər təkcə deputatlara və məmurlara deyil, onların ailə üzvlərinə də tətbiq olunacaq.
Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı bildirib ki, Gürcüstan parlamentinin qəbul etdiyi “xarici agentlər” haqqında qanun ölkəni repressiv rejimlərə yaxınlaşdıracaq. Hüquq müdafiəçilərinin fikrincə, qanun “qanuni vətəndaş fəaliyyətini və müstəqil medianı ləkələyəcək və hakimiyyətə işində razılaşmadıqları qeyri-hökumət təşkilatlarını cərimələmək və ya başqa cür cəzalandırmaq üçün istifadə edə biləcəkləri yeni vasitələr verəcək”.
Forum