Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi Təbriz Cinayət Məhkəməsi tərəfindən pul cəriməsi və qamçı cəzasına məhkum edilən milli fəal Yusuf Sələhşura bəraət qazandırıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, 36 saylı Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi Sələhşura qarşı irəli sürülən "insanları zorakı hərəkətlərə təhrik etmək" və "qarışıqlıq yaradaraq ümumi intizamı pozmaq" ittihamlarından bəraət qazandırıb.
Yusuf Sələhşur ilkin məhkəmənin çıxardığı hökmə görə, həmin ittihamdan günahlandırılaraq, 37 qamçı və 20 milyon 200 min tümən cərimə ödəməyə məhkum edilmişdi.
Cənab Sələhşur keçən il iyulun 25-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, digər 4 türk fəalla birgə 3 həftə nəzarət altında saxlandıqdan sonra avqustun 13-də müvəqqəti olaraq sərbəst buraxılmışdı.
İranın Xuzistan vilayətində yaşayan ərəb icmasının iyulun 15-dən başladıqları etiraz aksiyalarına dəstək məqsədilə İran Azərbaycanında milli fəallar vərəqələr yayaraq xalqı 24 iyul tarixində dinc mitinq keçirməyə çağırmışdılar.
Həmin tarixdə Təbrizdə baş tutan etiraz mitinqində Təbriz və İran Azərbaycanının digər şəhərlərində bir çox milli fəal təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınmışdı.