Texasın cənub-şərq bölgələrində leysan yağışları səngimək bilmir. Tropik Harvi qasırğasının səbəb olduğu daşqınla mübarizə davam etdirilir.
Texas ştatının Frensdvud şəhər sakini Nərminə Bakus son durumla bağlı Amerikanın Səsinə danışıb.
Nərminə Bakusun bildirdiyinə görə, vəziyyət gərgin olaraq qalır. Xilasletmə və yardım əməliyyatlarının davam etdirilməsinə baxmayaraq, görüləcək çox iş olduğunu diqqətə çatdıran Nərminə Bakus belə bir qasırğa və leysana şahid olmadığını deyib.
Ştat və yerli hökumət rəsmilərinin yardımını yüksək qiymətləndirən Nərminə xanım fəlakət zonalarında həyatın dayandığını, iş yerləri, məktəblər və universitetlərin bağlı olduğunu bildirib.
Dövlətdən, xilasedicilər və adi insanlardan göstərilən dəstəyin misilsiz olduğunu deyən Bakus fəlakətdən ziyan çəkən bölgələrin yenidənqurması və bərpa işlərinin uzun sürəcəyini təxmin edir.
Yaranmış vəziyyətə görə göz yaşlarını saxlaya bilməyən Nərminə xanım ziyan çəkənlərə dualarını əsirgəməyib.
Milli Hava Xidmətinin bildirdiyinə görə, cümə axşamı günü yağışın istiqamətini dəyişməsindən öncə 25-lə 50 sm. arasında yağmur gözlənilir.
Nyuston şəhərinin ətraf bölgələrində artıq 90 sm. yağış qeydə alınıb.
Evlər və yolları su altında qoyan sellərdən 3 min insan xilas edilib, 8 min nəfər sığınacaqlara yerləşdirilib.
Şəhər meri Silvester Törnet 3 adamın öldüyünün təsdiq edildiyini bildirib.
Texas qurbarnatoru Qreq Abbott Milli Qvardiyanın 15 min nəfərlik komandasının fəlakətlə mübarizəyə cəlb edildiyini deyib. Qubernator xilas əməliyyatlarına qoşulanları humanist qəhrəmanlar adlandırıb.
Bu gün ABŞ prezidenti Donald Tramp birinci xanım Melania Trampla bərabər fəlakət zonasına səfər edəcək.
Tramp artıq Texas və Luizinanın 18 qraflığını fəlakət zonası elan edib.
Fəlakətin vurduğu ziyan ABŞ dolları ilə on milyardlarla ölçülür.
Harvi son on ildə Amerikanı təsirinə məruz qoyan ən güclü qasırğa hesab edilir.