Dekabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları terrorçuluqda şübhəli bilinən şəxsi öldürüb.
DTX-nin yaydığı məlumata görə, Cami Emin Əzizağa oğlu adlı şəxsi saxlamağa cəhd göstərərkən o, belinə bağladığı “şəhid kəməri”ni partlatmaq istəyib və bu zaman təhlükəsizlik əməkdaşları ona atəş açıblar.
DTX bildirir ki, Cami Emin Əzizağa oğlu 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər”ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunub.
“Azadlığa çıxdıqdan sonra onun ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdi”, açıqlamada deyilir.
DTX bildirir ki, Emin Əzizağa oğlu onu saxlamaq istəyən təhlükəsizlik orqanları əməkdaşlarına müqavimət göstərib.
"2016-cı il dekabrın 3-də Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd etmiş, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilmişdir".
DTX hazırda istintaq-əməliyyat tədbirləri davam etdirildiyini açıqlayır.
Hadisənin detalları barədə əlavə açıqlama verilmir.
Cami Emin Əzizağa oğlu2 008-ci ildə “əl-Qaidə” terror təşkilatı ilə əməkdaşlıqda təqsirli bilinən dəstənin üzvü kimi həbs edilmişdi. Amma onun hansı ildə azadlığa çıxdığı bildirilmir.
Əməliyyat nəticəsində öldürülən şəxsin yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaq mümkün olmayıb.