Accessibility links

Təbriz millət vəkili: Təbii qaz kvotası mövzusunda ayrıseçkiliyə uğradığımızı hiss edirik


Məhəmmədhüseyn Fərhəngi
Məhəmmədhüseyn Fərhəngi

Şərqi Azərbaycan vilayətinin millət vəkilləri Təbriz və Səhənd elektrik stansiyalarında mazut istehlak edilməsinə etirazlarını davam etdirirlər.

Təbriz millət vəkili Məhəmmədhüseyn Fərhəngi deyib ki, “bugün Təbrizdə hava çirkliliyi böhranı və Təbriz elektrik stansiyasının qarşı-qarşıya olduğu şərait Təbriz əhalisini narahat edir. Onların sağlamlığını təhlükəyə atır.”

Bir müddətdir Şərqi Azərbaycanda qaz kvotaları tamamən ləğv edilən Təbriz və Səhənd elektrik stansiyaları hazırda sadəcə mazut istehlak edirlər. Mazut istehlakının Təbrizdə havanın çirklənməsinə yol açan başlıca amillərdən biri olduğu qeyd edilir.

Rəsmi dövlət agentliyi İRNA-nın çərşənbə günü yaydığı xəbərə əsasən, Şərqi Azərbaycan ətraf mühit idarəsi Təbrizdə hava çirkliliyinin 5 gün ardıcıl olaraq təhlükəli səviyyədə olduğunu bildirib.

Mətbuat nümayəndələrinə danışan Məhəmmədhüseyn Fərhəngi bu mövzuda Şərqi Azərbaycan əhalisinə zülm olunduğunu ifadə edib.

“Təbii qaz kvotası mövzusunda digər vilayətlər ilə müqayisədə ayrıseçkiliyə uğradığımızı hiss edirik. Bu durum davam etməməlidir. Bu Şərqi Azərbaycan əhalisinə edilən zülmdür,” deputat söyləyib.

İSNA agentliyinə istinadən, 9 millət vəkili Təbriz elektrik stansiyasında mazut istehlakı ilə əlaqədar İranın neft nazirinə sual ünvanlayıblar.

XS
SM
MD
LG