Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Saleh İkrami və Babək Rzayi avqustun 22-də mülki girov qarşılığında məhkəmə zamanına qədər müvəqqəti olaraq azadlığa buraxılıb.
İyul ayının 27-də Tehranın Nəsimşəhr (Əkbərabad) bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Saleh İkrami və Babək Rzayi, hər biri 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
İranın Xuzistan vilayətinin ərəb bölgələrində su qıtlığına etiraz aksiyalarına dəstək məqsədilə 24 iyul tarixinə verilən mitinq çağırışı və Təbrizdə keçirilən etiraz mitinqindən əvvəl və sonra İran Azərbaycanının bir çox şəhərində milli fəallara basqılar artaraq bir neçə fəal həbs edilib.
Tehranda yaşayan iki türk fəalın həbs edilməsi ilə əlaqədar Günaz TV saytında yayımlanan məlumata görə, onlar iş yerində və məhkəmə orderi göstərilmədən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, naməlum yerə aparılıb. Ayrıca təhlükəsizlik qüvvələrinin iki fəalın şəxsi əşyalarını da özləri ilə apardıqları bildirilib.
Ərəb toplumunun sıx yaşadığı İranın Əhvaz bölgəsində, su qıtlığı və hakimiyyətin su mənbələrini səmərəsiz idarəetməsinə qarşı 15 iyuldan başlanan kütləvi etirazlara dəstək vermək məqsədilə, İran Azərbaycanında siyasi təşkilatlar və milli fəallar 24 iyul tarixinə mitinqə çağırış bəyanatı yayıb.
İyulun 24-də Təbriz şəhərində baş tutan etiraz mitinqində etirazçılar "azadlıq, ədalət, milli hökumət" və "Azərbaycan Əl-Əhvaz ittihad, ittihad" şüarları ilə ərəb icmasının etirazlarına dəstəklərini bildirmişdilər.
Mitinq çağırış bəyanatı yayıldıqdan sonra, İran Azərbaycanının müxtəlif şəhərlərində təhlükəsizlik qüvvələri milli fəallara zəng edərək, mitinqlərdə iştirak etmələrini əngəlləmək üçün onları hədələməyə başlamışdılar.
Etiraz mitinqi əsnasında və sonrakı günlərdə Təbrizdə həbs edilən 6 milli fəal o cümlədən Yusif Sələhşur, Məhəmməd Mərdi, Vəhid Əbhəri, Şahin Bərzigər, Nadir Sadıqiyan və Əmir Səttari Rəuf müvəqqəti olaraq sərbəst buraxılsa da, Ərdəbil Həbsxanasında saxlanılan milli fəal Pərviz Siyabi hələ ki, azadlığa buraxılmayıb.