Accessibility links

Təbrizdə bir səyyar satıcı özünü yandırıb


Əşyaları bələdiyyə tərəfindən müsadirə olunmuş satıcı üzərinə benzin töküb

Yerli xəbər saytlarının məlumatına görə, ötən günlərdə məişət avadanlığı bələdiyyə məmurları tərəfindən müsadirə edilmiş bir səyyar satıcı Təbrizin Müctəhidlər küçəsində özünə od vurub.

Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən Anac xəbər agentliyi hazırda Təbrizin Sina xəstəxanasında müalicə olunan 43 yaşlı satıcının bədəninin təqribən 50 faizinin yandığını bildirir.

Yayılan məlumata istinadən, olay Təbrizin 8-ci bölgə bələdiyyə binasının önündə baş verib.

Anac xəbər agentliyinin yazdığına görə, “təbrizli satıcı məişət avadanlığını geri almaq üçün bələdiyyəyə müraciət edib, lakin cavab almayınca avadanlığın ona qaytarılmadığı təqdirdə özünə od vuracağını bildirib. Bələdiyyə məmurları 43 yaşlı vətəndaşın təhdidinə etinasız yanaşıb. Çarəsiz satıcı isə üzərinə benzin tökərək bələdiyyə binasının önündə özünü yandırıb.”

Bu, keçən bir ay ərzində İranın qeyri-fars bölgələrində bələdiyyə basqısına məruz qalan səyyar satıcıların intihar cəhdi ilə əlaqədar mediada işıqladırılmış ikinci belə xəbərdir.

Ötən mart ayında Xuzistan vilayətində rəsmi adı Xürrəmşəhr olan, amma əhalinin Mohəmmərə adlandırdığı şəhərdə Yunus Əsakirə adlı bir ərəb səyyar satıcı bələdiyyə binası önündə özünü yandırmışdı. Yunus Əsakirə bir həftə sonra xəstəxanada vəfat etmişdir.

XS
SM
MD
LG