Accessibility links

Təbrizli işçilər: “Haqqımızı yeyiblər, işçinin pulu ilə Amerikanı gəziblər!”


Təbrizdə Traktor zavodu işçiləri etiraz aksiyalarını davam etdirir

İranın xəbər agentliklərinə istinadən, Təbrizdə Traktor zavodu sənaye makinaları şirkətinin işçiləri muxtəlif dövlət orqanları önündə etiraz aksiyalarını davam etdirir.

Maaş almayan işçilər bu dəfə valilik binası və İran ali ruhani liderinin Şərqi Azərbaycandakı nümayəndəsinin ofisi önündə toplaşaraq hüquqlarını tələb edib.
250 sənaye makinaları işçisinə səkkiz aydır maaş verilmədiyi bildirilir. Bu işçilərin
Şərqi Azərbaycan Valiliyi önündə keçirdiyi birinci etiraz aksiyası deyil. Onlar həmçinin ötən həftə Sənaye və Mədən Nazirliyinin Şərqi Azərbaycan şöbəsi önündə piket təşkil edib.

İşçilərin etirazı ilə bağlı İLNA xəbər agentliyi və Şərqi Azərbaycan vilayətinin yerli jurnalistləri məlumat yayıb.

Qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərən Əmək Koalisiyasının (İşçi Evi) Təbriz şöbəsinin katibi Kərim Sadiqzadənin sözlərinə görə, maaşların keçikməsindən əlavə istehsalat xəttinin qapadılması ehtimalı üzündən yaranan qətiyyətsizlik işçiləri narahat edir. Şərqi Azərbaycan məsullarının məsələyə laqeyd yanaşması işçilərə etiraz aksiyasi keçirməkdən başqa çarə buraxmayıb.

İşçilər geçikmiş maaşları ilə bərabər, sosial sığorta kartının uzadılması və vilayət məsullarının zavodun problemlərinə diqqət göstərməsini tələb edir.

İLNA-nın yaydığı məlumata görə, etiraz zamanı türk dilində şuarlar səsləndirilib. İşçilər “Haqqımızı yeyiblər, kargərin (fəhlə) pulu ilə Amerikanı gəziblər!” və “yalan vədlərə nifrət edirik,” kimi şuarlar səsləndirib.
XS
SM
MD
LG