Accessibility links

Tarixi binanın bəzi sakinləri köçmək istəmir


Sökülməsi gözlənən bina
Sökülməsi gözlənən bina

Bakıda Mirzağa Əliyev küçəsi-150 saylı ünvanda yerləşən və sökülməsi gözlənən 3-mərtəbəli, 43-mənzilli tarixi binanın bəzi sakinləri mənzillərini tərk etməkdən imtina edir. Onlar bunu verilən vəsaitin az olması ilə izah edirlər.

Bu barədə sakinlər AzadlıqRadiosuna bildirdilər. Bəzi sakinlərin sözlərinə görə, mənzillərin sahəsi balacadır və bu üzdən verilən vəsait (hər kvadratmetrə 1500 manat) azdır. "Biz çıxmağa razıyıq. Özümüz də burada yaşamağa qorxuruq. Mənə cəmi 30 min pul verirlər. Bu pula nə ala bilərəm? Keçən həftə icra başçısı Eldar Əzizov gəlmişdi. Bizə dedi ki, niyə narazılıq edirsiniz? Belə şey olar?", sakinlərdən biri AzadlıqRadiosuna söyləyib.

İcra hakimiyyətindən cavab

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən isə "Turan" agentliyinə bildiriblər ki, sözügedən bina hər an uça bilər. Qurumdan vurğulandığına görə, 1889-cu ildə tikilmiş binanın istismar müddəti bitib. İcra hakimiyyətindən onu da deyiblər ki, hələ 1989-cu ildə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı ilə bina qəzalı hesab edilib və oradakı sakinlərin köçürülməsinə başlanıb: "Həmin il binadan 23 ailə köçürülüb, sonradan isə ora, əsasən, məcburi köçkünlər məskunlaşıb. Buna görə binanın sökülməsi işləri təxirə salınıb. Keçən 30 il ərzində binada vəziyyət daha da ağırlaşıb. Bu da sakinlərin həyatı və onların əmlakı üçün ciddi təhlükə yaradır".

Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov əlavə edib ki, dövlət tərəfindən ayrılmış vəsaitə uyğun bu binada sakinlərin köçürülməsi işlərinə başlanıb: "43 ailədən 25-i dövlət tərəfindən ayrılan maddi yardımları alaraq binadan köçüblər. Sakinlərin bir hissəsi isə dövlət qurumları qarşısında qeyri-real tələblər irəli sürərək mənzillərini tərk etməkdən imtina edib".

Bəzi ailələrə iki mənzil təklif edildiyi bildirilir

O qeyd edib ki, indi binadakı ailələrdən 6-sı məcburi köçkündürlər. İsrafil Kərimovun sözlərinə görə, onlara Qobuda məcburi köçkünlərdən ötrü inşa olunan yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilib: "Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq, iki mənzil təklif olunub. Lakin bu vətəndaşlar... tutduqları mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər".

Mətbuat xidmətinin rəhbəri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sakinlərlə görüşünə də toxunub. Onun sözlərinə görə, Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin təcili köçürülməsinin vacibliyini vurğulayıb:

"Həmçinin, bildirilib ki, buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız, qəzalı vəziyyətdə olması ilə əlaqədardır. Vətəndaşlara ödəniləcək vəsait kompensasiya yox, maddi yardım kimi qiymətləndirilməlidir. Ödəniləcək məbləğ müvafiq qanunvericiliyə uyğun olaraq, şəhər üzrə maksimum həddə müəyyən edilib. Sakinlərlə aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk edib".

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, əgər insanlar özləri və yaxınlarının həyatının təhlükədə olduğunu başa düşmək istəmirlərsə, bu zaman qanuna uyğun qaydada məcburi şəkildə köçürülmə tətbiq edilə bilər.

Bu bina Bakıda söküntüsü davam edən tarixi "Sovetski" adlanan əraziyə düşür. Amma bundan əvvəlki söküntülər bu binadan yan keçib.

"Turistlərə maraqlı olan unikal tarixdir..."

"Biz Avropada, ya da başqa ölkələrdə qədim binalara verilən dəyər haqqında oxuyanda ancaq qibtə edə bilirik. Çünki bizdə biznes maraqları hətta ən qədim memarlıq nümunələrinin məhv edilməsinə gətirib çıxara bilir...".

Bunu Bakıda Mirzağa Əliyev küçəsi-150 saylı ünvanda yerləşən 3-mərtəbəli, sökülməsi gözlənən tarixi bina ətrafında gedən müzakirələrlə bağlı ictimai fəal Gülnarə Mehdiyeva deyib. Onun sözlərinə görə, tarixi binalar mümkün qədər restavrasiya olunmalı və qayğı görməlidir: "Mən görmüşəm ki, real qəza vəziyyətində olan, içərisində insanların yaşaması təhlükəli olan yaşayış evləri var ki, sırf kiminsə biznes marağı olmadığı üçün hələ də sökülmür. Yəni qəza vəziyyəti prioritet olsaydı, birinci onlardan başlamaq lazım idi".

Gülnarə Mehdiyeva vurğulayıb ki, şəhərə ruh verən tarixdir, gəzdiyin küçənin, oturduğun daşın keçmişidir: "Mən əminəm ki, turistlər üçün də maraqlı olan unikal tarixdir, nəinki kababxana və `novostroyka`lar".

Xatırlatma

Bakının "Sovetski" deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri böyük ölçüdə sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb. İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG