Əfqanıstanın şimal-şərqi Taxar vilayətində Taliban üsyançıları hökumət qüvvələrinə hücum edərək, azı 16 əsgəri öldürüblər.
Əyalət hökumətinin sözçüsü Sünnatullah Temor Amerikanın Səsinə deyib ki, üsyançılar hökumət qüvvələri ilə qısa sürən toqqumanın ardınca Yatim Təpə postunu bütünlüklə ələ keçiriblər.
O təsdiq edib ki, itkin düşənlərdən yeddisi cümə axşamı erkən saatlarda baş qərargahla təması bərpa etməyə nail olublar.
Taliban sözçüsü Zabihullah Mücahid döyüşçülərinin hücumu həyata keçirdyini təsdiq edib.
Əfqan rəsmiləri Orta Asiyadan gəlmiş “terroristlərin” Taxarda Talibanla çiyin-çiyinə döyüşdüyünü irəli sürüb.
Başqa xəbərdə cümə axşamı cənub-şərqi Loqar vilayətində sülh fəallarının görüşü zamanı baş vermiş bomba partlayışı nəticəsində azı 8 adam həlak olub. Kabildəki prezident sarayı qaynar Çarx dairəsində baş vermis partlayış nəticəsində “şəhid və yaralananlar” olduğunu təsdiq edib. Lakin açıqlamada say bildirilmir.
İndiyədək hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
Ramazan bayramı zamanı üçgünlük müvəqqəti atəşkəs bitdikdən bəri üsyançılar çox sayda əfqan hərbi qulluqçusunu qətlə yetiriblər.
Taliban üsyançıları əfqan hökumətini Amerikanın “marioneti” adlandıraraq onunla birbaşa danışıqlar aparmaqdan imtina edir. Digər tərəfdən rəsmi Vaşinqton üsyançılarla danışıqlar masasına oturmaqdan imtina edərək, sülh prosesinin yalnız əfqanlar tərəfindən yönləndirilməsində israr edir.