Accessibility links

Taliban Kabil hava limanında nəzarəti ələ keçirdi


Taliban militanları Kabil hava limanının keşiyini çəkir
Taliban militanları Kabil hava limanının keşiyini çəkir

Taliban çərşənbə axşamı ABŞ-ın rəhbərlik etdiyi xarici qüvvələrin Əfqanıstandan çıxarılmasını "digər işğalçılara bir dərs" olaraq qeyd etsə də, ABŞ və dünya ictimaiyyəti ilə yaxşı münasibətlər qurmağa çalışır.

Hava limanının uçuş meydanında jurnalistlərə açıqlama verən Talibanın baş sözçüsü Zabiullah Mücahid Əfqanıstanı təbrik edərək, ABŞ-ın başçılıq etdiyi qüvvələrin ölkədən çıxmasını "bütün əfqanların qələbəsi" olaraq ifadə edib. Bununla yanaşı o, Talibanın ölkəni necə idarə edəcəyi mövzusuna toxunub.

Taliban 1996-cı ildən 2001-ci ilədək hakimiyyətdə olan fundamentalist qrupun qəddar bir ədalət sistemi tətbiq etdiyini, əfqan qadınlarının evdən kənarda işləməsinə və qızların təhsil almasına qadağa qoyduğunu dilə gətirərək, onlarla müqayisədə daha tolerant və geniş əsaslı bir idarəetmə sistemi vəd edib.

Uçuş meydanında ətrafı elit Bədri qüvvələri ilə əhatələnən Mücahid, onlara Əfqanıstan vətəndaşları ilə kobud rəftar etməməyi tövsiyə edib.

"Əfqanıstan əhalisinə mülayim və xoş davranın. Cəmiyyət buna layiqdir" - deyə bildirib. O, döyüşçülərə əhalinin "xidmətçiləri" olduqlarını xatırladıb və deyib ki, onlar həmyerliləri ilə qəddarcasına davranmamalıdırlar.

Taliban sözçüsü Zabihullah Mücəhid (mərkəzdə)
Taliban sözçüsü Zabihullah Mücəhid (mərkəzdə)

"ABŞ və dünya ilə yaxşı münasibətlər qurmaq istəyirik. Hamısı ilə yaxşı diplomatik münasibətlərə açığıq ", deyə Mücahid Əfqanıstanın 40 illik müharibədən sonra bir çox böhranları aradan qaldırmaq üçün beynəlxalq yardıma ehtiyac duyduğunu söyləyib.

Daha sonra Kabildə xarici qoşunların çıxarılması ilə əlaqədar təşkiledilən bir seminarda danışan Mücahid, beynəlxalq ictimaiyyəti Taliban rejimini tanımağa və ölkənin üzləşdiyi bir çox böhranları həll etməyə kömək etməyə çağırıb.

Taliban səlahiyyətliləri, Kabildə "əhatəli bir İslam hökuməti" qurulması ilə bağlı məsləhətləşmələrin bitdiyini və tezliklə bir elan veriləcəyini bildirib.

Beynəlxalq tərəflər İslamçı hərəkatın vədlərini yerinə yetirəcəyinə və Əfqanıstanın yenidən diplomatik təcrid olunmasının qarşısını alacağına şübhə ilə yanaşırlar.

“Taliban indi bir sınaqla üzləşir. Ölkələrini, bütün vətəndaşlarının, kişilərin və qadınların potensiallarına çatma şansına sahib olduqları təhlükəsiz və firavan bir gələcəyə yönəldə bilərlərmi? Əfqanıstan müxtəlif mədəniyyətlərinin, tarixlərinin və adət-ənənələrinin gözəlliyini və gücünü dünyaya təqdim edə bilərmi? ”, ABŞ -ın Əfqanıstanlı sülh elçisi Zalmay Xəlilzad çərşənbə axşamı Twitter -də yazıb.

Pakistanda olan Almaniyanın xarici işlər naziri Heiko Maas çərşənbə axşamı günü Talibanın legitimliyi üçün beynəlxalq reaksiyanın Əfqanıstanda tətbiq etdikləri hökumətin xüsusiyyətindən asılı olacağını söyləyib.

“Tezliklə Taliban yeni bir hökumət təqdim edəcək. Bu hökumətin tələb etdiyimiz qədər əhatəli bir hökumət olduğunu görmək lazımdır. Talibanı dəstəkləməyən əfqanların bu hökumət tərəfindən təmsil olunduğunu hiss etməsi bizim üçün çox vacibdir ", deyə Maas bildirib.

Taliban Bədri döyüşçüləri
Taliban Bədri döyüşçüləri

Taliban hava limanının kommersiya uçuşları üçün ən qısa müddətdə işə düşəcəyinə söz verib. Lakin Taliban Kabili ələ keçirdiyi ilk günlər qrupun gəlişi ilə əlaqədar çaxnaşma yaşayan minlərlə əfqanın hava limanının ətrafına toplaşması və bir çoxunun uçuş xəttinə çıxması səbəbindən hava limanının infrastrukturunun bir hissəsi zədələnib.

ABŞ-ın axırıncı qoşunları Əfqanıstanı ABŞ Prezidenti Co Bayden söz verdiyi kimi avqustun 31-i bitməmişdən əvvəl tərk edib.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Kennet "Frank" Makkenzi bazar ertəsi Pentaqonda keçirdiyi mətbuat konfransında jurnalistlərə ABŞ-ın son təyyarəsinin yerli vaxtla gecə yarısından az əvvəl Kabili tərk etdiyini və bununla ABŞ-ın Əfqanıstandakı missiyasının sona çatdığını bildirib.

XS
SM
MD
LG