Accessibility links

Taliban: Əfqanıstanda partlayışlar zamanı ən az 2 nəfər ölüb


Taliban rəsmisinin verdiyi məlumata görə, şənbə günü Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində baş verən üç partlayış nəticəsində ən azı iki nəfər ölüb, 20 -yə qədər insan yaralanıb.

Adının çəkilməsini istəməyən Taliban rəsmisi "indiyə qədər iki nəfərin öldüyü və 20 -yə qədər yaralının olduğuna dair xəbərimiz var" deyib və bir patrul maşınının hədəf alındığını söyləyib.

"Yaralılar arasında qadınlar və uşaqlar da var", o əlavə edib.

Zərərin miqdarını və partlayışların səbəbini müəyyən etmək üçün araşdırma aparılır.

Bu hücumlar Amerika hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra ilk ölümcül partlayışlardır.

Nangarhar əyalətinin sağlamlıq departamentinin rəsmisi AFP-yə bildirib ki, 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

Bir neçə yerli media qurumu isə hücumlar nəticəsində ən az iki nəfərin öldüyünü və 19 nəfərin yaralandığını bildirib.

Cəlalabad avqustun sonunda Kabil hava limanında 100-dən çox insanın ölümünə səbəb olan qanlı hücuma görə məsuliyyəti öz üzərinə götürən Əfqanıstanın İslam Dövləti təşkilatının istinadgahı olan Nangarhar vilayətinin paytaxtıdır.

Taliban ölkənin əvvəlki hökumətini devirdikdən sonra avqustun ortalarında yenidən hakimiyyətə qayıdıb və ölkədə sülh və təhlükəsizliyi bərpa edəcəyinə söz verib.

Partlayış yerində çəkilmiş fotolarda silahlı döyüşçülərin üstündə ağ Taliban bayrağı olan yaşıl pikapı görüntülənib.

XS
SM
MD
LG