Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun səhhətində yaranmış ciddi problemlərlə bağlı onun həyat yoldaşı Fəxriyyə Xasməmmədova müraciət yayıb.
Müraciətdə deyilir ki, yanvarın 3-də 17 saylı cəzaçəkmə müəssisəsində həyat yoldaşı ilə görüşüb.
“Yoldaşım çox narahat idi. Özünü çox pis hiss edirdi. Ağrıları bir anda olsun ara vermirdi. Baş ağrısı, bel ağrısı, sinir ağrılarından çox əziyyət çəkir. Taleh bu ağrıları ilə əlaqədar olaraq həkim tərəfindən müayinə olunduğunu, yaxınlarda müalicə müəssisəsinə göndəriləcəyini mənə bildirdi. Lakin üstündən bir aydan çox keçməsinə baxmayarağ nədənsə yoldaşımın müalicə müəssəsinə göndərilməsi üçün razılıq verilməyib”, F. Xasməmmədova qeyd edir.
Xasməmmədova Ədliyyə nazirliyinin Penitensiar Xidməti başda olmaqla aidiyyatı orqanlardan Taleh Xasməmmədovun səhhətində yaranmış ciddi problemlə bağlı müraciət edib.
“Əgər Taleh vaxtinda müalicə olunmazsa biz onun daha da pis virusa, xəstəliklərə yoluxacağından çox narahatiq. Bu isə bir ailənin başçısını itirmək deməkdir”.
Müraciətdə Beynəlxalq Qırmızı Xaç Komitəsindən, Ombudsmandan, İnsan Hüquqları üzrə İşçi qrupundan, hüquq müdafiəçilərindən Taleh Xasməmmədova baş cəkmələri də xahiş olunur.
Öz növbəsində Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov Amerikanın Səsinə bildirib ki, Taleh Xasməmmədovun ailəsinin müraciəti baxılaraq araşdırılacaq.
Taleh Xasməmmədov 2015-ci il fevralın 24-də Göyçay rayonunda ailə üzvləri ilə birgə mebel salonundan çıxıb maşınına yaxınlaşan zaman tanımadığı bir şəxsin hücumu ilə üzləşib. Bundan sonra o polis tərəfindən saxlanıb və barəsində Cinayət Məcəlləsinin 221.1-cimaddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb.İyulun 22-də Göyçay Rayon Məhkəməsi Taleh Xasməmmədova 3 il həbs cəzası verib.
Şəki Apellyasiya Məhkəməsi Göyçay rayon Məhkəməsinin Taleh Xasməmmədovun 3 il müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarını dəyişmədən qüvvədə saxlayıb.
Hüquq müdafiəçisi 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilib. Göyçay Rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunub.
Amnesty İnternational Taleh Xasməmmədovu "vicdan məhbusu" elan edib.