Accessibility links

Taleh Bağırovun vəkili ilə görüşdən imtina etdiyi bildirilir


Taleh Bağırov
Taleh Bağırov

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovun ailəsi bildirir ki, onun durumu ilə bağlı narahatlıqları daha da artıb. İlahiyyatçı ailəsinə sonuncu telefon zəngində ona qarşı təxribat hazırlandığını deyib və vəkili bir gün sonra onunla görüşmək məqsədilə Qobustan həbsxanasına getsə də, bu mümkün olmayıb. Bu barədə AzadlıqRadiosu-na Taleh Bağırovun ailəsindən məlumat verilib.

“Yanvarın 5-də vəkil həbsxanaya gedib, əvvəl deyiblər ki, gözləyin, çağırırıq. Bir qədər keçəndən sonra deyiblər ki, Taleh vəkillə görüşməkdən imtina edir”, ilahiyyatçının ailə üzvləri bildirib.

Amma onlar Taleh Bağırovun vəkillə görüşdən imtinası barədə deyilənlərə inanmırlar. Yanvarın 4-də həbsxanadan evə zəng edən ilahiyyatçının təzyiqlərə məruz qaldığını və israrla bu haqda vəkilinə xəbər verilməsini, müdafiəçinin gəlib onunla görüşməsini istədiyini bildirirlər:

“Necə ola bilər ki, bir gün əvvəl özü israrla vəkillə görüşmək istəyirdi, ertəsi gün vəkil gedir, Taleh görüşə çıxmır? Mütləq şübhəli nəsə var. Bəlkə də ona elə xəsarət yetirilib ki, vəkillə görüşə buraxmaq istəmirlər”.

Penitensiar Xidmət isə Taleh Bağırovun təxribata çəkilməsi və xəsarət alması haqda iddiaları təkzib edib.

Mehman Sadıqov
Mehman Sadıqov

"Məlumatı həbsxana ilə dəqiqləşdirdim, heç bir təzyiq, təqib yoxdur. Ona heç bir xəsarət də yetirilməyib. Bu günlər ərzində ona heç töhmət də verilməyib. Başını aşağı salıb cəzasını çəksin, onunla heç kimin işi yoxdur”, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na bildirib.

Xatırlatma

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Taleh Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. Taleh Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosu

XS
SM
MD
LG