Accessibility links

İlahiyyatçının həbsi və Zeynəb Xanlarovanın bağ evi


Taleh Bağırzadə
Taleh Bağırzadə

Zeynəb Xanlarova şikayət etməyib. Rəsmi məlumatda ilahiyyatçı Taleh Bağırov, sürücüsü Anar Məlikov və Bəxtiyar Qurbanov, Röyal Əsgərovun həbs edildiyi bildirlir

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri ilahiyyatçı Taleh Bağırov (Bağızadə), sürücüsü Anar Məlikov və Bəxtiyar Qurbanov, Röyal Əsgərov barəsində birgə məlumat yayıb.

Məlumatda deyilir ki, martın 31-də Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Taleh Bağırov və Anar Məlikov saxlanıb. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunub.

Aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıb. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb, birinci mərtəbənin şüşələri sındırılıb və evin divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılıb.

Həmin gün Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.

Xəbərdə bildirilir ki, ilkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər.

Təqsirləndirilən şəxslərin etirafedici ifadələri, müvafiq ekspertiza rəyləri və digər mötəbər sübutlarla Bəxtiyar Qurbanov və Röyal Əsgərovun törətdikləri cinayət əməlləri, onların bu işi məhz Taleh Bağırovun tapşırığı əsasında etdikləri tam təsdiqini tapıb.

Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Öz növbəsində millət vəkili Zeynəb Xanlarova “Azadlıq” qəzetinə heç kimdən şikayət etmədiyini bildirib

“Kiçik bir hadisədir olub, onu da nardaranlılardan görmürəm. Tələb edirəm ki, mənim adımı bu məsələlərdə hallandırmasınlar. Yenə deyirəm, mən həmişə yaxşılıq etməyə çalışmışam. O oğlanın həbsini də eşidəndə çox pis oldum ki, gənc bir övladımız həbsə düşüb. O ittihamı hazırlayanlara deyirəm, kimi tutmaq istəyirsinizsə, kişi kimi, öz adınızdan tutun, mənim adımı bu işə qatmayın. Mənim işim ayrı-ayrı ölkələrdə Azərbaycanı layiqincə təmsil edib tanıtmaq, bayrağımızı ucaltmaqdır, adam tutdurmaq deyil”, o qeyd edib.

Taleh Bağırov həbsindən bir neçə gün öncə, martın 24-də xütbəsində iqtidarı kəskin tənqid edib. O bildirib ki, biz sakit dayanırıq, biz səbr edirik, həddlərini aşırlar.

“Bu nə deməkdir, məscidə gəlmək olmaz. Qorxurlar da. Yığdıqları pullar, mülklər, var-dövlət əllərindən çıxar. Bundan qorxursunuz da deyin. Biz canımızı verəcəyik, malımızı verəcəyik, qorxmayacağıq, ancaq sizi də qoymayacağıq rahat yaşayasınız. Artıq vaxt keçib. Bu qədər xalqa zülm edəsən, bu qədər cinayətləri edəsən, özünü məsum aparasan. Bizlər deməliyik ki, xalqın torpağını işğal eləmisən çıxın. Bu sözlər ki, burada danışılır, kim bunları danışmalıdır? Cinayətkarlar danışmalıdır, yoxsa xalqın dinini, namusunu qoruyanlar? Erməni 20 faiz torpaqlarımızı işğal eləyib. Bir dərdimiz bu. Bəziləri də gəlib öz məmləkətimizdə, torpaqlarımızı işğal ediblər. Xalqın malını, mülkünü öz haqq-hesablarına keçiriblər. Pulunu, malını, neftini, qazını hər bir şeyini alıb mənimsəyiblər. Bununla kifayətlənməyib dindarların, cavanların da üstünə də gəlirlər. Əgər Allaha bir insanın etiqadı olar, bu məsələdə dönüklük göstərməz. Bu məsələdə kim geriyə addım atdı, bilsin ki, Allaha imanı yoxdur", o qeyd edib.
XS
SM
MD
LG