İranın səhiyyə nazirliyinin açıqladığı məlumat koronavirusa yeni yoluxmaların azalmağa başladığını göstərir. Lakin, Amerikanın Səsinə danışan jurnalist Taha Kirmani rəsmi məlumatın həqiqəti əks etdirmədiyini vurğulayır. O, bu xüsusda yerli rəsmilərin verdiyi məlumatla nazirlik tərəfindən açıqlanan statistik məlumat arasındakı ziddiyyətlərə diqqət çəkir.
Kirmani hesab edir ki, dövlətin pandemiyaya qarşı alınan tədbirlərin tədricən yumşaldılmasına dair verdiyi qərarlar siyasi mahiyyət daşıyır və bu sahədəki real durumla əlaqədar deyil.
Bunlar əhalini evdə oturmağa məcbur edib, təməl ehtiyaclarını təmin edə bilməsələr böyük etirazlar baş verə bilər. İran hakimiyyəti bu növ etirazlardan qorxduğu üçün koronavirusun törətdiyi ölümləri gözə almış görünür.
“Normal duruma dönmək bir siyasi qərardır. Necə ki, Həsən Ruhani Novruz tətilindən sonra dedi ki, biz iqtisadi fəaliyyətləri bundan artıq dayandıra bilmərik. Buna görə də, bir çox iş yerinin açıldığını bildirdi. Ki, bunlar da daha çox Novruz səbəbilə tətil edilmişdi,” jurnalist ifadə edir.
Onun söylədiklərinə görə, “rəsmi məlumata əsasən pandemiya pik həddini aşıb və artıq rəqəmlər enməyə başlamış. Amma biz şəhərlərə baxdığımızda, yerli məsullar, şura üzvləri, xəstəxana rəislərinin verdiyi rəqəmlərə baxdığımızda, görürük ki, azalmır ki heç, getdikcə çoxalır.”
Ötən günlərdə Ərdəbil vilayəti səhiyyə xidmətinin rəhbəri və Ərdəbil Tibb Universitetinin rektoru Dr. Qüdrət Əxəvan Əkbəri səhiyyə naziri tərəfindən işdən çıxarıldı. Mətbuatda çıxan bəzi xəbərlərə görə, o, “koronavirus pandemiyası ilə əlaqədar rəsmi məlumatı şübhə altına alan” İmam Xomeyni xəstəxanasının baş həkimi Dr. İsmayıl Fərzanəyə göstərdiyi dəstək səbəbilə işdən çıxarılıb. Taha Kirmani Dr. Fərzanənin isə, Əxəvan Əkbərinin yerinə gələn yeni səhiyyə xidməti rəhbəri tərəfindən işdən çıxarıldığını bildirir.
“Nazirlik ölənlərin təqribən 5 min olduğunu deyir. Amma yerli rəsmilərin açıqlardığı rəqəmləri hesablayanda, 9,200 nəfərdən artıq insanın öldüyünü bilirik. Bunlar, valilər, icra başçıları və ya xəstəxana rəislərinin verdiyi rəqəmlərdir. İran Parlamentinin araşdırma mərkəzi tərəfindən yayımlanan hesabatda verilən rəqəmlər də nazirliyin verdiyi rəqəmlər ilə fərqlidir,” deyə, jurnalist qeyd edir.
Nazirlik ölənlərin təqribən 5 min olduğunu deyir. Amma yerli rəsmilərin açıqlardığı rəqəmləri hesablayanda, 9,200 nəfərdən artıq insanın öldüyünü bilirik. Bunlar, valilər, icra başçıları və ya xəstəxana rəislərinin verdiyi rəqəmlərdir.
Kirmaninin fikrincə, İran İslam Respublikası ümumiyyətlə böhranları idarə etməkdə uğursuz olduğunu bundan əvvəl də göstərib:
“Təkcə bu koronavirus məsələsində deyil, İran ümumiyyətlə böhranları yönəltməkdə uğurlu olmayıb. Zəlzələ və sel fəlakətlərini də gördük... İran hakimiyyət və millət olaraq çox çətin bir il keçirdi. Keçən il (hicri təqvimlə) bir çox böhran yaşandı. Amma, bu böhranların başında hakimiyyətin məşruiyyət böhranı gəlir. Yəni hakimiyyət və millət arasında etimadsızlıq ciddi mənada təhlükəli bir nöqtəyə çatıb.”
Jurnalist əlavə edir: “Bu koronavirus böhranını nəzarət altına almağın yolları bəllidir. Siz əhalini evdə oturmağa razı salmalınız. Millət necə evdə oturar? Minimum məişəti, yəni günlük çörəyi təmin olunmalıdır. İran hakimiyyəti bunu etmək üçün nə gərəkli iradəyə, nə də o gücə sahibdir. Bunlar əhalini evdə oturmağa məcbur edib, təməl ehtiyaclarını təmin edə bilməsələr, İran toplumundakı ciddi etiraz potensialını da nəzərə alaraq, böyük etirazlar baş verə bilər. İran hakimiyyəti bu növ etirazların böyüməsindən qorxduğu üçün koronavirusun törətdiyi ölümləri gözə almış görünür.”