Accessibility links

Tağı Əhmədov 18 faizlə sələmə pul verdiyini etiraf edib?


Tağı Əhmədov
Tağı Əhmədov

"Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun 2 milyon manat sələmə görə məhkəmədə dindirilməsi yenidən gündəmə gəlib.

Fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun çağırılıb dindirilməsi haqda vəsatət qaldırılıb. Səbəb isə Əhmədovun mətbuata verdiyi müsahibədə səsləndirdiyi fikirlərdir.

Bakı metrosunun sabiq rəisi sözü gedən müsahibədə etiraf edib ki, 18 faizlə pul verib. Əhmədovun dindirilməsini tələb edən isə ondan sələmlə pul aldığını, qaytara bilməyəndə YAP-ın Yasamal təşkilatının binasında döyüldüyünü iddia edən Səadət Xəlilovdur.

Soltan Əliyev “vasitəçi” olub

Xəlilov CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu işdə zərərçəkmiş statusunda Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyev tanınıb. İttihamda Xəlilovun 2 milyonu mərmər biznesi adıyla ondan alıb aldatdığı, pulu geri qaytarmadığı iddia olunur. Xəlilov isə onun vasitəçi olduğunu, pulu Əhmədovdan aldığını bildirir.

Bu üzdən vəkili təxminən 20 gün əvvəl məhkəmə iclasında da vəsatət qaldırmışdı ki, Əhmədov məhkəmədə dindirilsin, həm sələmlə pul vermək, həm də YAP-ın binasında adam döymək iddialarına münasibət bildirsin. Məhkəmə isə bu vəsatəti təmin etməmiş, Əhmədovun istintaqdakı ifadəsini elan etmişdi.

Elan edilən ifadəni kim verib?”

Bu məsələ ictimailəşəndən sonra Tağı Əhmədov "qaynarinfo.az” saytına müsahibə verib. Vəkil Hafiz Ələsgərov deyir ki, həmin müsahibədə səsləndirdiyi fikirlər onun məhkəmədə dindirilməsini zəruri edir:

"Müsahibəsində təsdiqləyir ki, pul onundur, 18 faizlə verib, 30 min faiz pulu alıb. Bəri başdan deyir ki, məhkəmə bu adamlara 8-10 il iş verəcək. Bildirir ki, "döyməmişəm, döysəm də, düz eləmişəm". Siz burada onu çağırıb dindirməkdən imtina edirsiz, istintaqdakı ifadəsini elan etməklə kifayətlənirsiz. Tağı Əhmədov o biri tərəfdə deyir ki, "mən istintaqa çağrılmamışam, çağırılsam da getmərəm". Bəs onda elan edilən ifadəni kim verib?”

Amma məhkəmə vəsatəti bu dəfə də təmin etməyib. Hakim bildirib ki, ötən məhkəmə iclasında bu məsələyə münasibət bildirilib, onun istintaqdakı ifadəsi də elan olunub. Üstəlik, mətbuatda yayılan müsahibənin Əhmədova aid olub-olmadığı dəqiq məlum deyil.

Vəkil hakimlərin bu cür yanaşmasından narazı qalıb: "İttihamın bel sütunu olan məsələni araşdırmırsız. Ona görə sizin bu işə baxmağınıza etiraz edirik. Növbəti məhkəmə iclasında yazılı şəkildə təqdim edəcəyik".

Məhkəmə prosesi martın 4-nə saxlanıb.

“Dostum Soltan məndən borc pul istədi”

Tağı Əhmədov istintaqa ifadəsində təqsirləndirilən Səadət Xəlilovun YAP-ın Yasamal təşkilatında onun kabinetində olduğunu və pul verdiyini təsdiqləyib:

“Təxminən 4-5 il əvvəl dostum Soltan məndən borc pul istədi. Dedi ki, Səadət adlı tanışı mərmər işiylə məşğuldu, onlar birlikdə işləyəcəklər. Soltan Səadəti mənim otağıma gətirmişdi. Dedim ki, sizin işinizə qarışmayacam, məni maraqlandırmır”.

Əhmədovun sözügedən müsahibəsində bildirilir ki, o, 2 milyonu bankdan götürüb verib. Aylıq aldığı 30 min manatın 2 min manatını da vasitəçiliyə görə hazırda zərərçəkmiş qismində tanınan Soltan Əliyevə verib:

"Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Mən pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, 2 mini də mənə qalsın, 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı dostum da AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər..."

Xəlilovun ittiham olunduğu CM-in 178.3.2 maddəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG