Accessibility links

İoneskonun “Kərgədan” əsəri Təbrizdə türk dilində tamaşaya qoyulub


"Kərgədan" pyesi Tabriz səhnəsində
"Kərgədan" pyesi Tabriz səhnəsində
Tanınmış rumın dramaturq Ejen İoneskonun 1959-da fransız dilində yazdığı "Kərgədan" pyesi Təbrizdə ilk dəfə olaraq türk dilində səhnəyə qoyulub. Ayna teatr qrupunun Absurd Teatr nümunələri arasında fevralın 12-də səhnələşdirdiyi bu əsər 10 gün Təbriz Teatrının səhnəsində nümayiş etdiriləcək.

Güneyli yazar və tərcüməçi Ülkər Ucqar (Münirə Əkbərpuran) tərəfindən türkcəyə çevrilən pyes rejissor Kamran Qurbaninin quruluşunda səhnə üçün hazırlanıb.

İSNA xəbər agentliyinə müsahibə verən rejissorun sözlərinə görə, pyes türk dilində Təbriz əhalisinin diqqətini dünyanın möhtəşəm teatr əsərlərinə cəlb etmək məqsədi ilə səhnələşdirilib.

“Dünyanın möhtəşəm teatr əsərlərini təbrizli sənətçilərə tanıtmaq istəyirik. Əsəri türk dilində səhnəyə çıxarmaqla tamaşaçıların diqqətini cəlb edib, teatrdan uzaqlaşmış Təbriz əhalisini təkrar teatrla barışdırmağa çalışırıq,”-deyə Kamran Qurbani bildirib.

Dünya teatrından məşhur bir əsərin türk dilində səhnəyə çıxarılması türk dilində yazıb yaradan güneyli ədəbiyyatçı və sənətçilər tərəfindən sevinclə qarşılanıb.

“Gözümüz yolda, qulağımız səsdə idi. Şükürlər olsun, biz də Kərgədanların türkcə nəriltisini eşitdik,”-deyə azərbaycanlı yazar Ruqəyyə Kəbiri məşhur Ejen İoneskonun əsərinin türkcəyə çevrilməsi ilə bağlı sevincini ifadə edib.

İran Azərbaycanında səhnələşdirilən pyeslər adətən fars dilində olur, türk dilində tamaşaların səhnələşdirilməsi nadir hallardandır.
XS
SM
MD
LG