Accessibility links

Təbrizdə 'Heyvanların Bazarı' tamaşası türk dilində səhnəyə qoyulur


“Heyvanların Bazarı” adlı uşaqlar üçün kukla tamaşası rejissor Əli Bernunun rəhbərliyi ilə dekabrın 14-dən 30-a qədər Təbrizdə ümumi nümayişə qoyulacaq. Tamaşa hazırda uşaq bağçaları və məktəb şagirdləri üçün göstərilir.

Təbrizdə fəaliyyət göstərən internet portalı Nasr News-un məlumatına görə, tamaşa 10 kuklaçı, 10 səs aktyoru və təqribən 20 digər əməkdaşın iştirakı ilə hazırlanıb.

Nasir Haşimi, Babək Nəhreyn, Həmid Məcdabadi və Yunus Kəbir kimi tanınmış sənətçilər kukla nümayişində səs aktyoru kimi iştirak ediblər.

Tamaşanın müəllif, rejissor və bəstəkarı Əli Bernun mətbuata verdiyi açıqlamada Şərqi Azərbaycan vilayətində kukla tamaşası sahəsində fəaliyyət göstərən qrupların dövlət qurumlarının dəstəyinə ehtiyacı olduğunu bəyan edib.

Təbrizli rejissor və bəstəkar Əli Bernun
Təbrizli rejissor və bəstəkar Əli Bernun

Onun sözlərinə görə, “Mədəniyyət və İrşad İdarəsi bizə gözlənildiyi qədər dəstək vermir... Misal üçün Tehranda uşaq nümayişləri və kukla tamaşalarına məxsus bir sənət zalı təmin edilir. Təbrizdə bu növ dəstək verməyi Tehrandan öyrənə bilərlər.”

O, həmçinin deyib ki, “fəaliyyətlərimiz başlandığından bəri uşaqların sıcaq rəğbətini qazana bilmişik... Amma, yeni fəaliyyətə başlamış bir qrup olaraq dəstəyə çox ehtiyacımız var. Halbuki bu günədək heç bir orqandan heç bir yardım görməmişik.”

İran Azərbaycanında fəaliyyət göstərən media Təbriz və Urmiyə kimi şəhərlərdə türkcə tamaşaların səhnəyə qoyulması ilə əhali arasında teatr sənətinə rəğbətin kəskin artdığını bildirir.

XS
SM
MD
LG