İnsan haqları qrupları son bir neçə ildə Təbriz məzarlığında bəhailərin dəfninə qoyulmuş yasağın davam etdiyini bildirir. Ötən günlərdə daha bir təbrizli bəhainin meyiti ailəsinin razılığı alınmadan məsullar tərəfindən Qərbi Azərbaycan vilayətini göndərilib.
İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyinə istinadən, son vaxtlarda Təbrizdə vəfat etmiş Mürvəti soyadlı bir bəhai vətəndaşın cənazəsinin həmin şəhərin məzarlığında dəfn edilməsinə icazə verilməyib.
“Təbrizin Vadi-Rəhmət məzarlığı məsulları Mürvəti ailəsindən meyiti məzarlığın morquna təhvil verib və dəfn icazəsi üçün gözləmələrini istəyib. Amma, daha sonra məsullardan gələn telefon mesajında meyitin Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərinə aparıldığı bildirilib,”-deyə HRA qeyd edib.
Yayılan məlumata görə, mərhum ailənin razılığı alınmadan və bəhai inancına müvafiq olaraq dini mərasim yerinə yetirilmədən Qoşaçayda dəfn edilib.
HRA son bir il yarım müddətində Təbriz məzarlığında heç bir bəhainin dəfninə icazə verilmədiyini yazıb.
İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən əhli-haqq/ələvilər, sünnilər, bəhailər və xristianların da sayı az deyil.
Güneyli hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm dini ayrı-seçkiliyə məruz qaldığını vurğulayırlar.