Accessibility links

Təbriz elektrik stansiyalarının qaz kvotası kəsilib


Təbrizin İran parlamentindəki millət vəkili Təbriz və Səhənd şəhərlərinin elektrik stansiyalarının qaz kvotasının kəsilməsinə etiraz edib.

Fars xəbər agentliyinin yaydığı məlumata görə, Təbriz millət vəkili Ruhullah Mütəfəkkirazad İran parlamentində neft nazirinə bu il yayda İran Milli Qaz Şirkətinin müdirlərindən biri tərəfindən "qəribə" göstəriş verildiyi ilə bağlı müraciət edib.

Mütəfəkkirazadın sözlərinə görə, həmin göstərişdə Şərqi Azərbaycan vilayətində yerləşən Təbriz və Səhənd elektrik stansiyalarının qaz kvotası "sıfır" olaraq dəyərləndirilib.

O, ölkə üzrə sadəcə Təbriz və Səhənd elektrik stansiyalarının qaz kvotasının kəsildiyini bildirib.

İranda istilik elektrik stansiyalarına verilən qaz kvotası mazut istehlak etmələrinin qaşısını alır, bu isə havanın daha çox çirklənməsinin qarşısını alır. Mütəfəkkirazad Təbriz istilik elektrik stansiyalarının qaz kvotasının kəsilməsi barədə deyib ki, "... bu stansiyalar gündəlik 1 milyon 800 min litr mazut istifadə etməlidir ki, bu da 350 ton kükürdün Təbriz havasına buraxılması və şəhər havasının 40-50 dərəcə daha çox çirklənməsi deməkdir."

Təbrizli millət vəkili bu barədə daha öncə şəhərin digər nümayəndələri ilə birgə sabiq neft naziri ilə görüşdüklərini, ancaq görüşün müsbət nəticəsi olmadığını bildirib. Mütəfəkkirazad həmçinin təbrizlilərin qaz istehlakının azaldığını qeyd edərək, “Təbrizlilər təşviq edilmək yerinə cəzalandırılıblar” deyib.

Keçən il istilik elektrik stansiyasının qaz kvotasının kəsilməsi və qaçılmaz olaraq stansiyanın yanacaq olaraq mazut istehlak etməsi Təbrizdə havanın təhlükəli həddə çatmasına səbəb olmuşdu.

Şərqi Azərbaycan vilayətində elektrik stansiyalarının qaz əvəzinə mazut yanacağından istifadə etməsi havanın çirklənməsinə, bu isə əhali və ətraf mühit fəallarının narazılığına səbəb olur. Təbrizdə havanın çirklənməsi hamilə qadınlar və xəstə uşaqların sağlamlığına ciddi təhlükə yaradır.

İran dünya miqyasında ən çox qaz istehsal edən 3-cü ölkə olmasına baxmayaraq keçən ildən bəri daxili istifadəsi üçün qaz çatışmazlığı ilə üz-üzədir. İran bu il soyuq mövsümlərdə qaz kəsilməsinin qarşısını almaq üçün Türkmənistandan qaz idxal etmək məqsədilə danışıqlar aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG