Accessibility links

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 116-ya çatdı


Keçən həftə Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələdən və xilasedicilərin çökmüş binalarda axtarış işlərini bitirməsindən sonra ölənlərin sayı 116-ya çatıb.

İki nəfərdən başqa ölüm hallarının hamısı Türkiyənin üçüncü ən böyük şəhəri İzmirdə baş verib.

Yunanistanın zəlzələnın episentrinin cənubunda yerləşən Samos adasında iki yeniyetmə ölüb.

Digər qurumlar zəlzələnin gücünün daha az olduğunu bildirirkən, ABŞ-ın Geoloji Xidmətlər Mərkəzi zəlzələnin gücünün yeddi bal gücündə olduğunu açıqlayıb.

Türkiyənin Təbii Fəlakətlər və Təcili Yardım Agentliyinin başçısı Mehmet Güllüoğlu İzmirdə zəlzələnin dağıtdığı 17 binada axtarış-xilasetmə əməliyyatlarının tamamlandığını bildirib. O, xilasetmə əməliyyatlarının cümə günündən bəri davam etdiyini və dağıntılar altından 107 nəfərin sağ çıxarıldığını bildirib.

Agentliyin bildirdiyinə görə, zəlzələ nəticəsində yaralanan 1035 nəfərdən 137-si xəstəxanadadır.

Çərşənbə axşamı Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağ qalan son şəxsin xilas ediləcəyinə qədər təslim olmayacağına söz verib. Çərşənbə axşamı, zəlzələdən 91 saat sonra 3 yaşlı bir qız uşağının dağıntılar altından sağ çıxması xilasedicilər arasında ruh yüksəkliyi ilə qarşılanıb.

Yeraltı təkanlar İstanbul və Yunanıstanın paytaxtı Afina da daxil olmaqla, Türkiyənin qərbi boyunca hiss edilib. Güclü zəlzələdən sonra 45-i dörd bal olmaqla, 1700 yeraltı təkan müşahidə edilib.

Zəlzələdən bir neçə saat sonra Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis çox nadir hallarda olaraq, başsağlığı bildirmək üçün Türkiyə prezidentinə zəng edib.

"Fərqlərimiz nə olursa olsun, insanlar indi birlikdə dayanmalıdır," Mitsotakis Twitter səhifəsində yazıb.

“İki qonşunun çətin anlarda həmrəylik göstərməsi və dəstək verməsi həyatda çox şeydən daha dəyərlidir,” Ərdoğan yazdığı tvitdə cavab verib.

Birləşmiş Ştatlar Yunanıstan-Türkiyə zəlzələ diplomatiyasını alqışlayıb və NATO-nun iki ölkəsinə kömək etməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG