Türkiyə Xarici İşlər Nazirliyi və İraq Kürdüstanın təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, İrbil şəhərində atışma zamanı bir türk diplomat da daxil olmaqla iki nəfər qətlə yetirilib.
Kürd təhlükəsizlik qüvvələri naməlum şəxslərin Türkiyə diplomatlarının nahar etdiyi zaman restoranda atəş açdığını bildirib.
Təhlükəsizlik qüvvələri və şahidlərdən birinin verdiyi məlumata görə, hücumçulardan biri restorana daxil olaraq, atəş açmağa başlayıb və sonra avtomobilə oturaraq, hadisə yerindən qaçıb.
Kürd rəsmilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alaraq, hücumçuların axtarışına başlayıb. Hücuma görə məsuliyyəti hələlik öz üzərinə götürən olmayıb.
Türkiyə Xarici İşlər Nazirliyi hücum zamanı öldürülənlərdən birinin İraqın yarı-müxtar Kürdüstan regionundakı konsulluğun bir diplomatı olduğunu bildirib.
Kürdüstanın regional daxili təhlükəsizlik xidməti öldürülənlərdən birinin diplomat, o birinin isə mülki şəxs olduğunu, başqa bir nəfərin isə yaralandığı haqda məlumat verib.
Bundan öncə kürd rəsmiləri və İraqın dövlət televiziyasında üç nəfərin öldürüldüyünü və onların hamısının konsul müavini də daxil olmaqla, Türkiyə diplomatı olduğunu bildirib. Bildirildiyinə görə, Türkiyənin konsul müavini də ölənlər arasındadır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, kürd təhlükəsizlik xidməti və İraqın Xarici İşlər Nazirliyi hücumu qınayıb.